SON DƏQİQƏ
» » Zurabişvili: Çox şadam ki, ilk səfərimi Bakıya etdim

Zurabişvili: Çox şadam ki, ilk səfərimi Bakıya etdim

Tarix:

27-02-2019, 21:07

/ 10 330 dəfə oxundu.
Zurabişvili: Çox şadam ki, ilk səfərimi Bakıya etdim

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 27-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

GunAz.az xəbər verir ki, ölkələrimiz arasında münasibətlərdən danışan Oqtay Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin çox qədim tarixə malik olduğunu deyib. Parlamentin sədri bildirib ki, əsrlər boyu ölkələrimiz və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri olub. Bu münasibətlər o dərəcədə inkişaf edib ki, müstəqilliyimizi bərpa edəndən sonra əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Prezident Salome Zurabişvilinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayan Oqtay Əsədov Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini deyən Milli Məclisin sədri deyib ki, 2018-ci ildə ticarət dövriyyəmiz 580 milyon dollar olub. Biz şadıq ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir. Biz çoxlu sayda biznes forumlar keçirmişik ki, bunların da iqtisadiyyatımızın inkişafına böyük töhfələri var.

Oqtay Əsədov əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Sədr vurğulayıb ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident kimi regionda ilk səfərini məhz Azərbaycana etdiyinə görə şad olduğunu deyib. Dövlət başçısı bildirib ki, Gürcüstan ilə Azərbaycanın dostluğunun qədim tarixi var. Əsrlər boyu mövcud olan dostluq əlaqələrimiz indi də davam edir. 2018-ci ildə ölkələrimiz müstəqilliyinin 100 illiyini qeyd etdi. Ancaq bu yüz ildə xalqlarımız çoxlu faciələr də yaşayıb. Dost ölkələrimiz müstəqilliyini yenidən bərpa edərək onu daha da möhkəmləndirib. İndi bizim güclü ölkələrimiz var.

Gürcüstan Prezidenti bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi dövlətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərir.

Prezident Salome Zurabişvili Azərbaycanın təşəbbüsü və liderliyi, Gürcüstanın fəal iştirakı ilə reallaşan enerji layihələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin əlverişli coğrafi mövqeyi nəzərdə tutulan proqramların həyata keçməsi üçün önəmli amillərdən biridir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.(Axar.az)

скачать dle 12.1

Şərhlər