SON DƏQİQƏ
» » “KİV-in 25 faizi iflic olub, 30 faiz jurnalist iş yerini itirib” - Müsahibə

“KİV-in 25 faizi iflic olub, 30 faiz jurnalist iş yerini itirib” - Müsahibə

Tarix:

4-07-2020, 12:49

/ 1 708 dəfə oxundu.
“KİV-in 25 faizi iflic olub, 30 faiz jurnalist iş yerini itirib” - Müsahibə

Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Müşfiq müəllim, ölkə jurnalistləri arasında COVID-19-a yoluxma və ölüm sayının 2 dəfə artdığını bildirmisiz. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyəti necə qiymətləndirirsiz?

- Çox təəssüf ki, vəziyyət gözlənilmədən pisə doğru dəyişib və çox sürətlə ağırlaşmaqda davam edir. Təsəvvür edin ki, mayın 16-da biz ilk hesabatı açıqlayanda - pandemiyanın başladığı ilk 4 ay müddəti üçün - bildirmişdik ki, ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər də yoxdur. Amma 30 iyunda hesabat hazırlayanda bildirdik ki, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib.

Üstündən 4 gün keçib, iyulun 3-nə olan məlumata əsasən, artıq jurnalistlər arasında yoluxma sayı 28 nəfərdir, dünyasını dəyişənlərin sayı isə 3 nəfərdir. Allah dünyasını dəyişən həmkarlarımıza rəhmət eləsin, qalanlara şəfa versin.

Dünya miqyasında mayın 16-da pandemiya səbəbiylə həyatlarını itirən jurnalistlərin sayı 67 nəfər, virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın idi. İyunun 30-na olan məlumata görə, dünyada COVID-19-a yoluxub həyatını itirənlər jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı 1200 nəfərə yaxındır.

Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub - 62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrika 12 nəfər jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər) və sair.

İyunun 30-dan sonra hələ ki, ciddi bir xəbər almamışıq. Amma təəssüf ki, Azərbaycanda media əhlinin virusa yoluxma göstəricisi artan xətlə davam edir.

- Sizcə, ölkədə virusa yoluxan jurnalistlərə müalicə və onlara nəzarətin təşkili necə qurulmuşdu?

- Jurnalistlər ayıq, aktiv insanlardırlar. Onlar özlərini qorumağı, təcrid olunmağı bacarırlar. Mətbuat Şurası yoluxan, müalicə alan həmkarlarımızı daim diqqətdə saxlayır, onlara bacardığı qədər köməklik göstərir. Bilisiniz ki, 2 həmkarımızın - Müşfiq Abdulla və Nigar Abdullanın uyğun xəstəxanada yerləşdirməklə bağlı problem yaranmışdı.

Əflatun müəllim dərhal prosesə qatıldı və məsələ müsbət həll olundu. Həmkarlarımızın müalicəsi davam edir. Sağalıb evə çıxanlar da çoxdur. Evə buraxılanlar hələ də karantin rejimindədirlər, işə çıxmırlar. Düzgün addım da budur. Onlar bir müddət təcrid şəraitində qalmalı, istirahət etməlidirlər. İş yerindən də onlara şərait yaradılmalıdır.

Hələlik bizdə virusa yoluxan jurnalistlərin iş yerlərində problemlərlə qarşılaşmalar, yəni, əmək haqlarının kəsilməsi, diqqətsiz qalmaları və sairlə bağlı heç bir məlumat daxil olmayıb. Bu, yaxşı haldır.

- Pandemiya dönəmində yerli medianın fəaliyyəti adekvat idimi? Sizcə, böhranda medianın sərbəst fəaliyyət göstərmək imkanı oldumu?

- Medianın fəaliyyəti daimi olaraq prezidentin diqqət mərkəzindədir. Pandemiya dövründə də medianın fəaliyyəti üçün bütün şəraitin yaradıldı. Sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar arasında KİV-lər də var. Bu, yaxşı haldır.

Əlavə olaraq, məlumat verim ki, pandemiya dövründə medianın qlobal səviyyədə ciddi problemləri yarandı. Beynəlxalq təşkilatların hesbatlarına görə, pandemiya dövründə dünya üzrə fəaliyyətdə olan KİV-lərin təqribən 25 faizi öz fəaliyyətini dayandırdı, iflic oldu. Təqribən 30 faiz jurnalist öz iş yerini itirdi. Səbəb bəllidir: pandemiya dövründə fəaliyyətin məhdudlaşması və maliyyənin, reklam gəlirlərinin kəskin şəkildə azalması, sosial şəbəkələrin önə çıxması peşəkar KİV-ləri problemli duruma saldı.

Vəziyyət o qədər təhlükəli hal aldı ki, ATƏT-in media komissarı Harlem Desir dövlətlərə müraciət edərək, KİV-lərə dövlət dəstəyi göstərməyə çağırdı.

Sevindirici haldır ki, bizim ölkəmizdə belə bir hal yaşanmadı. Cəmi 1 televiziya ilə bağlı problem yaşanıb, qalanları yerindədir. Əksinə, bu dövrdə ölkəmizdə təqribən 20-yə yaxın yeni KİV qurumu fəaliyyətə başlayıb.

- Bu dövrdə jurnalistlər üçün əsas problemlər nələr idi və bu problemin mövcudluğu hələ də davam edirmi?

- Öz işini peşəkar səviyyədə quran KİV-lər və jurnalistlər üçün heç bir problem olmadı. Bilirsiniz ki, bu dövrdə fəaliyyət xüsusi icazə vasitəsilə həyata keçirildi. Hansı redaksiyalarda ki, əmək müqavilələri var, işçilərlə əmək münasibətləri rəsmiləşdirilib, onların problemi yaranmadı, normal şəkildə icazə götürüb fəaliyyətlərini davam etdirdilər. Kimlər ki, öz işlərini zamanında düzgün qurmayıblar, əmək münasibətləri, müqavilələr yerində deyil, onlar üçün problem yarandı.

Bu, bir stimul oldu ki, həmin redaksiyalar da öz işlərini qaydaya salsınlar. Əlavə olaraq, freelancer (sərbəst çalışan) jurnalistlərin, kimlər ki, xidmət müqaviləsi ilə fəaliyyət göstərirlər, onların işində anlaşmazlıq yaranmışdı. Mətbuat Şurasının sədri Əflatun Amaşov Operativ Qərargahla danışdı, bu məsələ də öz həlini tapdı.

- Necə bilirsiz, Azərbaycanda COVID-19-a yoluxduğunu gizləyən jurnalistlər varmı? Varsa, onlar çoxluq təşkil edirmi?

- Mən buna gizlətmək deməzdim. Blirsiniz ki, virusun xarakterinə görə bəzi şəxslər onu simptomsuz keçirirlər. Bu da ciddi problem yaradır. İndi yaxşı haldır ki, artıq KİV redaksiyalarının əksəriyyəti öz işçilərini məcburi qaydada test etdirirlər.

Məsələn, AzTV, İTV, ATV, CBC və başqalarını bunu ediblər. Məcburi testlər virus daşıyıcısı olan jurnalistləri aşkarlamağa, onların başqalarını yoluxdurmasının qarşısını almağa kömək edir. Yaxşı olar ki, bütün redaksiyalar bu cür addım atsınlar.

- Jurnalistlərin Həmkarlar İttifaqı koronavirusa yoluxan jurnalistlərlə əlaqə yaradırmı?

- Bəli, istisnasız olaraq. Biz daimi monitorinq aparırıq, nəticələri açıqlayırıq, virusa yoluxanların əksəriyyəti ilə əlaqə saxlayırıq. Onu da deyim ki, rəhbərlik etdiyim təşkilat Mətbuat Şurasının üzvüdür, mən də MŞ-də sədr müaviniyəm. Fəaliyyətimizi MŞ ilə birgə koordinasiya edirik və belə yanaşma ciddi effekt almaq üçün yaxşı vasitədir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ