SON DƏQİQƏ

BİR NAXÇIVAN FƏRQİ

Tarix:

29-01-2021, 10:51

/ 5 306 dəfə oxundu.
BİR NAXÇIVAN FƏRQİ

Elyar İSLAMOĞLU
Yasamal şəhidlərinin Qaradağda gözdən-könüldən uzaq, şəhidə layiq olmayan yerdə dəfn edildiyi görüntülərə baxanda qardaşımın itkin düşməsi, atamın bu xəbəri eşidib infakt keçirərək dünyasını dəyişməsi, Naxçıvana yola düşməyimiz, dəfn mərasimi və sonrakı hadisələr film kimi gözümün önündən keçdi.
Qardaşımın nəşinin tapıldığını bilən icra başçımız (Şərur) "Qardaşını gətirməklə məşğul ol, rayonda, kənddə fikrin qalmasın. Hər məsələ ilə şəxsən özüm məşğul olacam. Böyük qardaş olduğun üçün son qərarı da verməlisən. Kənd qəbiristanlığında atanın yanında və ya Şəhidlər xiyabanında-harada desən orada da məzar yerini hazırladacağıq" dedi.
Bakıdakı məsələləri həll edib (əsəbi, gərgin halda-bir qrup yarıtmaz məmurun bacarıqsızlığı və laqeydliyi ucbatından) Naxçıvana yola düşdüm.
Hava limanından çıxanda bizi minlərlə insan qarşıladı. Tanıyan-tanımayan hər kəs şəhidləri qarşılamağa gəlmişdi. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov şəhidləri şəxsən qarşıladı, vida mərasimindən sonra önlərində baş əydi, şəhid yaxınları ilə bir-bir görüşüb başsağlığı verdi. Naxçıvanın nazirləri, universitet rektorları, deputatları və digər vəzifəli şəxsləri də vida mərasimində iştirak etdi.
Şərura yola düşdük. Yolboyu yüzlərlə maşın bizi müşayət etdi. Hər kəndin kənarında əllərində bayraq və güllər tutmuş həmyerlilərimiz şəhidə ehtiramını bildirirdi. Kəndə çatdıq. Həyətimizdə yüzlərlə şəxs şəhidi gözləyirdi. Ailə üzvlərimizin, qohumlarımızın şəhidlə vidasından sonra dəfn üçün Şəhidlər xiyabanına getdik. Körpəsini uşaq arabasına qoyub gələn analardan tutmuş əli çəlikli yaşlı insanlara, məktəblilərə və bütün sahələrdə çalışan şəxslərədək hər kəs xiyabana gəlmişdi və bizi fəxrlə, qürurla, alqışlarla qarşıladılar. İcra başçısı, millət vəkilləri, ziyalılar və digər dövlət qurumlarında çalışanlar dəfndə yanımızda oldu, dəstək nümayiş etdirdilər.
Yas mərasiminin digər günlərində, 20 yanvar günü, şəhidin 40 mərasimində də Şərur rayon icra başçısı, müavinləri, polis rəisi, DTX rəisi və əməkdaşları, digər dövlət qurumları və idarələrinin rəhbər və işçiləri gələrək dərdimizə şərik oldular.
Şəhidin dəfnindən bir gün sonra Heydər Əliyev fondunun əməkdaşları gəldi, ailəmizə başsağlığı verdi.
Naxçıvanda olduğum müddətdə özümü tək hiss etmədim, hər yerdə dəstək, hörmət gördüm. Hansı idarəyə, banka, notariusa getdimsə hörmətlə qarşıladılar, növbədənkənar yola saldılar. İcra başçımız mütəmadi olaraq zəng etdi, görüşdü, hansısa problemin olub-olmadığı ilə maraqlandı.
Bakıda Müdafiə Nazirliyinin, Hərbi Prokurorluğun, Hərbi Komissarlığın və digər başqa qurumların hörmətsizliyi, laqeydliyi, saymamazlığını Naxçıvandakı diqqət və qayğının, sayğının sayəsində unutdum.
Şəhidin dəfnindən 3 gün sonra məzarüstü abidəsi düzəldilməyə başlandı və qısa müddətdə tam hazır oldu. Onu da qeyd edim ki, Şəhidlər xiyabanında təkcə II Qarabağ şəhidlərinin deyil, həm də I Qarabağ şəhidlərinin və digər vaxtlarda şəhid olan hərbiçilərin məzarları yenidən təmir edildi, bütün məzarlar standart, eyni rəngdə və eyni daşdan-qara mərmərdən hazırlandı.
Qeyd edim ki, qardaşımın 72 günlük itkin düşmə müddətində və 14 dekabr 2020-ci il tarixdə dəfn edildiyi vaxtdan sonra nə Müdafiə Nazirliyi, nə də xidmət etdiyi hərbi hissə rəhbərliyindən kimsə ailəmizə başsağlığı verməyib, ümumiyyətlə maraqlanmayıb. Təsəvvür edin, tabor komandirinin, mayorun ailəsinə belə biganə yanaşanlar əsgərin, könüllünün ailəsinə necə yanaşırlar. Bu qədər vaxtdan sonra onların başsağlığını qəbul etmərəm. Şəhid ailələrinin ağır günlərində hər kəs, hər bir qurum öz mədəniyyətini, vicdanını və nəyə qadir olduğunu nümayiş etdirdi. Quyuya su tökməklə quyu dolmaz. Quyunun özündə su olmalıdır.
Ümummilli lider Heydər Əliyev nazirlərə və digər rəhbər şəxslərə ildə iki dəfə Naxçıvana səfər etmələrini boş yerə göstəriş verməmişdi. Naxçıvandan öyrənməli çox şeylər var. Gedin vicdanlı olmağı, şəhidin vida mərasiminin, dəfninin necə təşkil edilməsini, şəhid ailəsinə, qaziyə diqqət, qayğı və sayğının necə göstərildiyini öyrənin. Öyrənmək heç zaman gec deyil, Naxçıvana gedin, öyrənin. Öyrənin ki, xalqın lənətindən qurtula biləsiniz.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ