SON DƏQİQƏ

Bu gün Qara Qarayevin xatirəsi anılacaq

Tarix:6-02-2017, 11:06 Oxunub:6 809

Fevralın 6-da saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbir çərçivəsində böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq.
Tədbir konsert proqramı ilə davam edəcək.
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin üzvlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutacaq konsertdə unudulmaz bəstəkarın əsərlərinə müraciət olunacaq.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasından 99 il ötür.
Q.Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, bayrama çevrilib. Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələri, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.
Onun Nizami Gəncəvinin "Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı "Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı "İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. "Don Kixot” simfonik qravürləri, "Leyli və Məcnun” (Nizami Gəncəvinin poeması əsasında), "Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən "Dənizi fəth edənlər”, "Qızıl eşelon”, "Xəzər neftçiləri haqqında povest”, "Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.
Q.Qarayev opera janrında da özünü sınayıb. O, "Vətən” operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında "Zəriflik” monooperasının müəllifidir. Bəstəkar kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev Aleksandr Puşkinin şeirləri əsasında yaratdığı "Mən sizi sevirdim” və "Gürcüstan təpələrində” romansları, "Könül mahnısı”, "Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Q.Qarayev 1982-ci il mayın 13-də dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<