SON DƏQİQƏ

ÜMİDİ YEYİLƏNLƏR - Fəridə RƏHİMLİ yazır

Tarix:26-08-2019, 22:32

Son günlər tez-tez yerlərdəki məmurların yarıtmaz işlərindən cana doymuş millətin etiraz çıxışlarını dinləyirəm. Əvvəllər də eyni qayda ilə işləsələr də narazılıq bu qədər qabarmamışdı. Amma rüşvətlə, əyri işlərlə varlanan, varlandıqca da harınlayan məmurların özbaşınalığı idarəolunmaz hala gəlib. Artıq, əvvəllər "yuxarı” ilə hədələndikdə özünü yığışdıran bu "dövlət işçiləri” nə dövləti, nə böyüklərini saya salmayacaq hala gəliblər. "Hara istəyirsən şikayət et!” deyən arxayın məmurlar ordusu yaranıb. Nə şəhid ailəsinin, nə qazinin xalq qarşısındakı xidmətini qiymətləndirməyən belələrinin bu vəzifələrə necə gəlmələri, bu vəzifədə illərlə necə qalmaları təəccüb doğurmaya, ağıla fərqli-fərqli şübhələr gətiməyə bilmir.

İcra hakimiyyətləri nümayəndələrindən tutmuş mənzil istismar sahələrinin rəhbərlərinə qədər, kürsüyə sahiblənmiş hər kəs "mənəm” deyir. İşlərinin nədən ibarət olduğunu heç özləri də düzgün anlamayan bu insanları o masadan qopartmağın niyə mümkün olmaması, onların bir işlərinə yarayacağına ümidini üzmüş əhalinin çağlayan nifrətinin getdikcə artması yaxşı şeylərdən xəbər vermir. Sonra demədi deməyin!

Bu sahələrdən biri də Xırdalan, 27-ci məhəllə, 1 saylı yataqxananın, əksəriyyətini qaçqınlar təşkil edən sakinləri tərəfindən daxil olan şikayətlər əsasında araşdırdığımdır. Uzun illər elektrik enerjisinin sərfiyyatının hesablanmasından narazı qalan sakinlər nəhayət kart sisteminə keçid olacağını eşidəndə sevindilər. Heç işlətmədiyi fantastik sərfiyyat qəbzi gələndə əsəbiləşən insanlar çıxış yolunu kart sisteminə keçməkdə görürdülər. Çünki karta nə qədər pul vurarlarsa onu işlədəcəklərinə görə rahatlamışdılar. Amma kartın gəlişi də özüylə problemlər gətirməyə başladı. Elektrikin fasilələrlə kəsilməsi bir yana, aparat qoyarkən işçilər yataqxananın dəhlizinə sanki bir sürü hinduşka balaları buraxıb getdilər. Bu divarda "cuqquldaşan hinduşkalar” axşam-sabah bilmədən oxumalarına davam edirlər. Əvvəl bir şey anlamayan sakinlər elektrik idarəsinin nümayəndəsinə müraciət etdilər. Sakinlərlə kobud davranışından onların narazılığına səbəb olan yaşlı nümayəndə "bizlik deyil, idarəyə zəng vurun!” dedi. Xırdalanı dolanıb, idarəni tapa bilmədilər. Sonradan məlum oldu ki, idarə Masazıra köçürülüb. İnternetdən əldə edilən nömrəylə idarəyə zəng vurulsa da, bunun bir faydası olmadı, çünki onlardan da "bizlik deyil, qaynar xəttə zəng edin!” cavabı gəldi. "Qaynar xətt”sə çox da qaynar olmayıb, soyuqqanlılıqla o aparatlardakı pullar beş manatdan aşağı düşəndə "oxumağa” başlayacaq. Pul vurun, sussun! - əmri gəldi.

Hər xırda iş üçün rüşvətxor cavabdeh şəxslərin pul ummasını birtəhər anlaya bilərik də, bu aparatın pul alıb, susması çox maraqlıdı. Bu mənzil mənimdirsə, istərəm beş manat vuraram, istəmərəm (yəni pulum olmadısa) qaranlıqda oturaram! Di gəl bunu "dəmir quşlara” başa sal! İşçilərə başa sala bilmədiyimiz şeyi ona necə başa salacağımızı düşünüb-daşınıb bir tərəfə çıxa bilmədik. Hər kəs ayrılıqda öz aparatını sığalladı, tumarladı, yalvardı, olmadı, yenə gecəyarısı bir-birinə qoşulub öz hinduşka mahnılarıyla əsəbləri cırmaqlamağa davam edirlər.

Torpağını itirmiş, el-obasından məhrum olmuş, şəhid vermiş, qazilərinin əzabını yaşayan, erməninin torpağında at oynatmasını sinir gərginliyi ilə hər gün internetdən izləyib dəlilik halına gələn, işsizlik, yarıtmaz maaş üzündən ailə qarşısında üzüqara olan bu miskin insanların həbsxana hücrələrində verilən cəza formalarından biri kimi xoşagəlməz səslə sınağa çəkilməsi dözülməz həddə gəlib çatıb. Şikayətlərinin laqeydliklə qarşılanması isə dövlətə olan ümidlərini də öldürür. Məmur özbaşınalığı xalqı dövlətə qarşı qaldırır.

Xırdalan, 27-ci məhəllə, 1 saylı yataqxananın sakinləri Azərişıq ASC, Bakı ElektrikŞəbəkə, Baş idarəyə (artıq nə adlanırsa sakinləri maraqlandırmır) qəzet vasitəsilə açıq müraciət edərək problemlərinin həll olunmasına ümid edirlər.

Nə deyək, yeməkdən ümid yaxşıdı, deyirlər. Bu sakinlərin ümidini də yemədən məsələyə çarə olunacağına əminlik hiss etmək istəyirik.

P.S. Füzulinin işğalından 26 il ötdü. Amma... Lakin nə Lazım gəlib çıxmadı, nə də içimizdəki bir-birimizi aşağılayan bitib-tükənməyən problemlər birləşməyimizə imkan vermir ki, Füzulini azad edək. Elə digər rayonlarımızı da.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<