SON DƏQİQƏ
» » İslam inqilabının 41-ci ili: şahdan “mat”a...

İslam inqilabının 41-ci ili: şahdan “mat”a...

Tarix:

12-02-2020, 09:37

/ 3 758 dəfə oxundu.
İslam inqilabının 41-ci ili: şahdan “mat”a...

Tehranda və digər şəhərlərdə bayram yürüşü keçirildi, Bakı təbrik yolladı; politoloq: “İran sanksiyalara rəğmən, nümayiş etdirmək istəyir ki...”

Fevralın 12-də İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə Tehranda və digər böyük şəhərlərdə yürüş keçirilib. Tehranda keçirilən yürüşdə dövlət və hökumət nümayəndələri də iştirak ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də İran rəhbərliyini təbrik edib. XİN-in rəsmi  “Twitter” səhifəsində yayılan təbrikdə deyilir: “İki ölkə arasında olan münasibətlər tarixən dostluq və mehriban qonşuluq mühitində yaşayan xalqların iradəsinə əsaslanıb. Bu gün biz İran İslam Respublikasının Milli Günü münasibətilə təbrik edir və bütün iranlılara sülh və çiçəklənmə arzulayırıq”.

“Yeni Müsavat” xatırladır ki, 1979-cu il fevralın 11-də İranda İslam inqilabı baş verib. Şah rejiminin həyata keçirdiyi siyasətə etiraz edən din xadimləri ölkənin müstəqil inkişaf yoluna çıxması üçün mübarizə aparıblar. Mühacirətdə yaşayan inqilabın banisi Ruhullah Xomeyni 1979-cu il fevralın 1-də Parisdən Tehrana qayıdıb və 10 gündən sonra İranda inqilab baş verib. Rza şah Pəhləvi məcburiyyət qarşısında qalaraq ölkəni tərk edib.

İnqilabdan sonra formalaşan yeni hökumət Böyük Britaniyanın, ABŞ-ın və digər Qərb ölkələrinin milli siyasətə təsir etmələrinin qarşısını alıb. İri neft şirkətləri milliləşdirilib və İran müstəqil siyasət yürütməyə başlayıb. Elə bundan sonra Qərblə İran arasında kəskin ziddiyyətlər meydana gəlib. Eyni zamanda minlərlə şahpərəst, sekulyar düşüncəli insan İrandan mühacirət edib. Onlar 41 ildir ki, vətənlərinə qayıda bilmirlər. Bu böyük köç özü ilə İranın tanınmış elm, siyasət, mədəniyyət adamlarını aparıb. Əksər mühacirlər Amerika və Avropaya səpələniblər.

Əslində Pəhləvinin dövründə İran əhalisinin sosial vəziyyəti ağır olub. Xüsusən əyalətlərdə əhali acınacaqlı şəraitdə yaşayıb. Ümumiyyətlə, 1979 inqilabının səbəbləri və nəticələri barədə uzun-uzadı yazmaq, dartışmalar aparmaq olar, bu polemika 41 ildir gedir.

İranda Şah dövründə insan haqları kobud surətdə pozulurdu. Bu, avtoritar bir rejim idi. Neftdən gələn gəlirlər də bir qrupun əlində cəmləşirdi. ABŞ-dan asılılıq var idi. Bu da insanlarda haqlı olaraq narazılıq doğururdu. Ciddi gücə malik kommunistlər də narazı idilər. Amma inqilabdan sonra vəziyyət elə gətirdi ki, əsas rola islamçı qüvvələr hakim oldular və hakimiyyətə gələn kimi digər qüvvələrin hamısını neytrallaşdırdılar.

İranda teokratik rejimin qurulması, bundan sonra Tehranla Amerikanın və Avropanın münasibətlərinin pisləşməsi ucbatından xalq inqilabın barını yeyə bilmədi. Düz 41 ildir İran Qərblə yola gedə bilmir: sanksiyalar, əhalinin çətinləşən iqtisadi şəraiti, qapalı sistem ölkəni 1979-dan bu yana fərqli səmtə yönəldib. Son hadisələr də göstərdi ki, sistemə qarşı qəzəb var və iranlılar dəyişiklik istəyirlər. Sanksiyaların gətirdiyi çətinliklər və İran gəncliyinin fərqli yaşamaq arzusu göz qabağındadır. Hər fürsətdə rejim əleyhinə aksiyalar böyük şəhərləri bürüyür. Bu gün İran sanksiyaların qaldırılmasını və sistemin təzələnməsini arzulayır.

Politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, şah dövrü ilə bugünkü İran müqayisəolunmaz dərəcədə fərqlidir. Onun fikrincə, şahın vaxtında iranlılar səfalət içində yaşayırdılar, ədalətsiz məhkəmə, hüquqsuzluq və korrupsiya hökm sürürdü. Ekspertin sözlərinə görə, inqilabdan əvvəl ali məktəblərdə təhsil alan qadınların sayı az olmasa da, inqilabın ardınca bu rəqəm əhəmiyyətli şəkildə artdı: “Yeni hakimiyyət bölgələrdə yaşayan ailələri qızların evdən kənarda təhsil almasının faydasına inandıra bildi. Təhsilli insanlardan bəziləri İranı tərk etdi. Hakimiyyət anladı ki, ölkəni idarə etmək üçün onlar həm qadın, həm də kişilərə təhsil verməlidirlər”.

Siyasi şərhçi xatırlatdı ki, inqilabdan əvvəl bir çox qadın bədənə sıx oturan dar cins, qısa ətək və qərbsayağı paltar geyinərdi: “Bütün bunlar uzun illər tamamilə aradan qalxdı. Lakin son 7-8 ildə İranda baş örtüyü formal olaraq qalır, gənc qadınlar saçlarının ortasından arxaya yaylıq atırlar, cins geyinirlər, konsertlərdə açıq-saçıq üslubda ola bilirlər. Stadiona gedib futbol izləməyə icazə verilməyə başlanıb. Bir sözlə, müəyyən yumşalma var. Yəni İranda Şah dövründə məişət azadlığı var idi, amma digər azadlıqlar boğulmuşdu. İslam inqilabçılarının bir qismi insanların sekulyar həyatına qarışmamağın tərəfdarları idilər. Məsələn, Əli Şəriətini söyləmək olar. Sonra bu alimlər yoxa çıxdılar. Rejim öz qaydalarını tətbiq etdi”.

 

Politoloq qeyd etdi ki, inqilabdan sonra İranda bütün sərvətlər milliləşdirildi, istehsal artırıldı: “İran İslam Respublikası bütün sanksiyalara baxmayaraq, 41-cı ilinə müstəqil iradəsini qoruyaraq girdiyini nümayiş etdirmək istəyir. Doğrudur, generalın qətli, təyyarənin vurulması İranın müdafiə sahəsində öyünməsinə kölgə saldı. İranın daxilində mühafizəkarlardan tutmuş, islahatçılara qədər müxalifət bir yana, inqilabın İrandan qaçmağa məcbur etdiyi geniş və fəal bir İran diasporu da mövcuddur. Fransa, Xomeyniyə ev sahibliyi etdiyi kimi, illərdir ki, İslam rejimi əleyhdarlarının da sığınacaq yeridir”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ