SON DƏQİQƏ
» » Qərbi Azərbaycan Xronikası: Oxçuoğlu türk-oğuz adətlərini yaşadan kənd - VİDEO

Qərbi Azərbaycan Xronikası: Oxçuoğlu türk-oğuz adətlərini yaşadan kənd - VİDEO

Tarix:

9-03-2024, 23:57

/ 5 402 dəfə oxundu.
Qərbi Azərbaycan Xronikası: Oxçuoğlu türk-oğuz adətlərini yaşadan kənd - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
 “Adətlər, ənənələr, yaşayan Oxçuoğlu irsi” adlı buraxılışda Şörəyel mahalının, Amasiya rayonunun Oxçuoğlu kəndinin etno-mədəniyyəti, adət-ənənələri, şifahi yaddaşı, irsi, dekorativ sənəti, xalq yaradıcılığı və toponimləri araşdırılıb.
Bildirilib ki, Oxçuoğlu rayon mərkəzindən 18 kilometr cənubda, Qərbi Arpaçayın sağ sahilində, Gümrü şəhərindən 10 kilometr şimal-qərbdə yerləşir. Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşayıb. Onlar 1916-cı ildə doğma kəndlərindən qovulublar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıdıblar. 1989-cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən yenidən qovulublar və indi burada ancaq ermənilər yaşayır.
Qeyd olunub ki, toponim “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşan oxçuoğlu etnonimindən əmələ gəlib.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə kəndin adı dəyişdirilib Voxçi qoyulub və 1995-ci ildə Şirak mərzliyinə daxil edilib.
Verilişdə saq və qamərlərin Vətəni olan Oxçuoğluda türk-oğuz adətləri, Dədə Qorqud adlarının izi, Şörəyel yallısı, qaçqınlıq həyatı yaşayan Oxçuoğlu sakinlərinin Vətənə dönmək istəyi göstərilir, həmçinin 1918-ci ildə Şörəyeldə ermənilərin törətdiyi qətliama, Oxçuoğlu əhalisinin yurdundan qovulmasına, ənənələri yaşayan Oxçuoğlu irsinin necə qorunmasına, eləcə də kəndlə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ