SON DƏQİQƏ
» » “Klaviatura qəhrəmanları” yenə iş başındadır

“Klaviatura qəhrəmanları” yenə iş başındadır

Tarix:

8-06-2021, 13:19

/ 1 391 dəfə oxundu.
“Klaviatura qəhrəmanları” yenə iş başındadır

Partiya sədri: «Terrorçu Ermənistanın ünvanına bir kəlmə də olsun qınayıcı ifadə işlətməyən Arif Hacılı hakimiyyəti günahkar obrazında təqdim etməyi qəhrəmanlıq sayır»

 

 Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Sirac Abışov və Məhərrəm İbrahimovun, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması əslində hamımızın ümumi ağrımız, ortaq itkimizdir. İqtidar və ya müxalifət mövqeyində olmağımızdan asılı olmayaraq bu gün hər birimiz – Azərbaycanın siyasi həyatında təmsil olunan hər bir şəxs Kəlbəcərdə baş verən faciəli hadisənin nəticələrinə məhz bu rakursdan yanaşmalıdır».

Bu sözləri «Azad Azərbaycan» qəzetinə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

O qeyd edib ki, ölkəmizə, mülki vətəndaşlarımıza qarşı növbəti dəfə hərbi cinayət, qanlı terror hadisəsi baş verib: «Bu dəhşətli cinayətin arxasında ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyi dayanır. Eləcə də, Ermənistanın zaman-zaman Azərbaycana qarşı terror aktları törətməsinə görə cəzalandırılmadığı üçün BMT və ATƏT də, Ermənistanın terrorçu dövlət kimi formalaşmasına hərtərəfli şərait yaradan həmsədr ölkələr Susuzluq kəndində baş verən qanlı olaya görə məsuliyyət daşıyırlar. Yəni ki, məsuliyyət daşıyan tərəflərin, qüvvələrin kimliyi ortadadır. Lakin bəzi qərəzli siyasətçi həmkarlarımız isə nə yazıq ki, həmişə olduğu kimi bu dəfə də günahı, günahkarları kənarda deyil, öz içimizdə, daha doğrusu, Azərbaycan hakimiyyətində axtarmağa çalışır».

Ə.Hüseynov bildirib ki, baş verən faciəli hadisəni göydəndüşmə fürsət kimi dəyərləndirən radikal müxalifət nümayəndələri "müxalifət qılıncı”nı (klaviaturanı) əllərinə alıb yenə də sosial şəbəkələrdə tozanaq yaratmağa, jurnalistlərin ölümünə səbəb olan son mina partlayışının səbəblərini, pərdəarxasını başqa cür təqdim etməyə və bununla da cəmiyyətdə həm çaşqınlıq, həm də ikitirəlik yaratmağa çalışırlar: «Sözügedən "klaviatura qəhrəmanları”ndan biri də Musavat Partiyasının başqanı Arif Hacılıdır. Bu adam Kəlbəcərdə KİV işçilərinin mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı özünün Facebook hesabında paylaşım edib və Azərbaycan hakimiyyətini yarıtmaz, səriştəsiz siyasət yürütməkdə ittiham etməyə çalışıb. Eləcə də iki jurnalistimizin və başqa vətəndaşlarımızın həlak olmasını da birbaşa hakimiyyətlə əlaqələndirməyə cəhd göstərib. Arif Hacılının bu cəhdi absurddur və fürsətçilikdir. Bir partiyanın sədri baş vermis faciənin qurbanlarının əzizlərinə, doğmalarına heç olmasa, adicə başsağlığı verməyi də unudaraq fürsətdən sui-istifadə edib və birbaşa iqtidarın, Prezidentin üzərinə hücuma keçib. Əlbəttə, müxalifətin iqtidarı, onun yürütdüyü daxili və xarici siyasəti öz subyektiv baxış bucağından yanaşmaqla tənqid etməyə ixtiyarı var. Ancaq iqtidarın istər bilavasitə, istərsə də dolayısı yollarla heç bir əlaqəsinin olmadığı, bütün məsuliyyətin birbaşa işğalçı Ermənistanın üzərinə düşdüyü bu kimi terror və təxribat olaylarına görə məhz rəsmi Bakını hədəfə almaq, hakimiyyətin üzərinə gəlmək etik normalara ziddir və siyasi obyektivlikdən uzaqdır».

Partiya sədri 8-9 cümləlik paylaşımında terrorçu Ermənistanın ünvanına bir kəlmə də olsun qınayıcı ifadə işlətməyən Arif Hacılının paylaşımını şərh edərkən bildirib: «O, öz dövlətinin üzərinə gəlməyi, mövcud hakimiyyəti günahkar obrazında təqdim etməyi qəhrəmanlıq sayır. Özünün "demokrat” və "Qərbpərəst siyasətçi” imicinə xələl gətirməmək üçün Ermənistana himayədarlıq edən Qərb dövlətlərinin və beynəlxalq təşkilatların ünvanına hər hansı bir tənqidi fikirlər səsləndirməkdən çəkinən Müsavat başqanı, az qala demək istəyir ki, baş verən qanlı terror hadisəsinə görə nə Ermənistan, nədəki onun Fransa kimi havadarları əsla məsuliyyət daşımır və mina partlayışının yeganə günahkarı da yalnız Azərbaycan hakimiyyətidir. Yəni ki, Arif bəyin sözügedən paylaşımından belə bir qənaət hasil olur. Çünki Müsavat başqanı üçün mövcud iqtidarı tənqid etmək çox asandır. Öz gözündə tiri, Ermənistanın "göz”ündə və onların quldur siyasətinə göz yuman beynəlxalq təşkilatların "göz”ündə günah duyğusunu, suç əlamətini

görmək istəməyən bu radikal müxalifətçi bütün bunların müqabilində Azərbaycan hakimiyyətini həvəslə tənqid edir».

Ə.Hüseynov təəssüflə bildirib ki, Arif Hacılı bilərəkdən özünü Alzheymer xəstəsi kimi apararaq yaddaşın itirilməsindən qaynaqlanan davranış sərgiləyir: «Arif Hacılı unudur ki, Kəlbəcər rayonu vaxtilə məhz onun özünün də dövlət müşaviri kimi təmsil olunduğu AXC-Müsavat hakimiyyəti dönəmində, 1993-cü il aprelin 2-də işğal olunub. Hazırkı Azərbaycan hakimiyyətini yarıtmaz və səriştəsiz siyasət yürütməkdə ittiham edən Müsavat başqanı vaxtilə Kəlbəcərin işğalı ilə nəticələnmiş AXC-Müsavat cütlüyünün yarıtmaz və səriştəsiz siyasəti barədə danışmağa isə qətiyyən həvəsli deyil. Çünki bu mövzunun məsuliyyəti ağırdır».

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər