SON DƏQİQƏ
» » “Sülhməramlılar” mandatlarına uyğun davranmalıdır

“Sülhməramlılar” mandatlarına uyğun davranmalıdır

Tarix:

9-02-2021, 10:03

/ 4 796 dəfə oxundu.
“Sülhməramlılar” mandatlarına uyğun davranmalıdır

Partiya sədri:"Rusiya "sülhməramlılarını” yerləşdirdiyi əraziləri sanki öz ərazisi hesab edir"

«Azərbaycan XİN rəsmi Bakının icazəsi olmadan, sərhədlərini pozaraq Dağlıq Qarabağa gələn Ermənistan və Rusiya vətəndaşlarının bundan sonra da «qara siyahı»ya salınacağını bəyan etməlidir».

Bunu "Azad Azərbaycan" qəzetinə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

O, qeyd edib ki, KİV-də yayılan məlumatlara görə fevral ayının 6-da Rusiya "sülhməramlıları” Ermənistandan Azərbaycan ərazisinə keçməyə cəhd edən bir qrup fransız jurnalisti Laçın rayonu ilə sərhəd məntəqəsində saxlayaraq Xankəndinə getmələrinə icazə verməyib və bu erməni tərəfinin "hiddətinə” səbəb olub. Bunu "nəzərə alan” "sülhməramlıların” komandiri Rustam Muradov Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyana "izahat məktubu” yazıb. O, məktubunda qeyd edib ki, yalnız Ermənistan və Rusiya vətəndaşları Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa gedə bilərlər (?). Qarabağı ziyarət etmək üçün digər ölkələrin vətəndaşlarının Azərbaycandan icazə alması lazımdır”. Rustam Muradovun bu "açıqlaması” Rusiya "sülhməramlılarının” hədlərini aşmasının daha bir bariz nümunəsidir və qətiyyən yolyolverilməz haldır».

Partiya sədri bildirib ki, R.Muradovun Azərbaycan dövlətinin süveren hüquqlarının pozulmasına rəvac verən belə bir açıqlama verməsinə inanmır: «Hər şeydən göründüyü kimi, Rusiya "sülhməramlılarını” yerləşdirdiyi əraziləri sanki öz ərazisi hesab edir. Onlar bu əraziləri Azərbaycan qanunları ilə deyil, Rusiya qanunları ilə "idarə edir” və Rustam Muradov da öz açıqlaması ilə bunu təsdiq etmiş olur. Rusiya tərəfinin Ermənistan da daxil olmaqla, heç bir xarici dövlət təmsilçilərinin və vətəndaşlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa daxil olmasının yol verilməzliyi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasından xəbəri olmamış deyil. Belə isə Rusiyanın, Rustam Muradovun timsalında, belə bir açıqlama verməsi nə ilə izah edilə bilər? Nə üçün Azərbaycan Xarici İşlər Nazirliyi Rustam Muradovun bu yolverilməz açıqlamasına indiyəcən münasibət bildirməyib? Hansı haqla Ermənistan və Rusiya vətəndaşları sərbəst şəkildə Azərbaycan sərhədlərini pozaraq Dağlıq Qarabağa gəlməlidirlər?»

T. Qənioğlu əlavə edib ki, Azərbaycan daim sərhədlərini pozaraq Dağlıq Qarabağa gələn əcnəbiləri, o cümlədən Rusiya yetkililərini və vətəndaşlarını, «qara siyahı»ya salıb: «Azərbaycan XİN nə üçün rəsmi Bakının icazəsi olmadan, sərhədlərini pozaraq Dağlıq Qarabağa gələn Ermənistan və Rusiya vətəndaşlarının bundan sonra da «qara siyahı»ya salınacağını bəyan etmir? "Rusiyanın öz "sülhməramlılarının” Azərbaycan ərazisində yerləşdirilməsi faktından istifadə edərək, beynəlxalq hüquqa və sülhməramlıların dünyada hamı tərfindən qəbul edilmiş mandatına zidd olaraq Dağlıq Qarabağda "hümanitar yardım” adı ilə həyata keçirdiyi "fəaliyyəti” haradasa "başadüşülən” olsa da, Rustam Muradovun timsalında yuxarıda qeyd edilən açıqlama verməsi qətiyyən yolverilməzdir".

 

Bilman İSAQ

 

 


скачать dle 12.1

Şərhlər