
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ideyalarının işığında – YAP Qaradağ rayon təşkilatı 33 il” mövzusunda tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunub.
Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin Emil Abbasov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, həmçinin rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edərək Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı “Yeni Azərbaycan Partiyası uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra YAP-ın yaranma tarixindən və Qaradağ rayon təşkilatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edən Faiq Qurbanov YAP Qaradağ rayon təşkilatının 33 il ərzində keçdiyi inkişaf yolundan bəhs edib. O bildirib ki, müasir Azərbaycanın əldə etdiyi uğurların əsasında Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi dayanır.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm rol oynayır.
YAP Mərkəzi Aparatının nümayəndəsi Rafael Gülməmmədov tədbir iştirakçılarına YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təbriklərini çatdırıb. O qeyd edib ki, 750 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycanın inkişafına mühüm töhfələr verib.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında YAP-ın tarixi zərurətdən yaranmış siyasi təşkilat olduğunu qeyd edərək həmin dövrdə partiyanın Qaradağ rayon təşkilatının formalaşması ilə bağlı xatirələrini bölüşüb. Deputat Səbinə Xasayeva isə YAP-ın fəaliyyətində gənclərin rolundan və onların dövlət quruculuğundakı iştirakından danışıb.
Tədbirdə çıxış edən şəhid anası Fəridə İsmayılova Vətən müharibəsində qazanılan Zəfərin xalqın Prezident İlham Əliyev ətrafında sıx birləşməsi nəticəsində əldə olunduğunu bildirib. Partiyanın gənc fəalı Seyidməmməd Məmmədzadə isə Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib.
Tədbirin sonunda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvü və təşkilatlar fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif olunub. Həmçinin partiyaya yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Bədii hissədə “Azərbaycan” və “Qarabağ” mahnıları səsləndirilib, Səməd Vurğunun “Azərbaycan” şeiri bədii qiraət olunub. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
































