
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricani bölgədə artan gərginlik fonunda mühüm bəyanatla çıxış edib.
Xameneinin müşaviri sərt xəbərdarlıq edib: “İrana qarşı istənilən təcavüzə sarsıdıcı cavab veriləcək”
GunAz.az xəbər verir ki, Laricani İranın suverenliyinə qarşı yönələn hər hansı hərbi təhdid və ya təcavüz cəhdinin cavabsız qalmayacağını vurğulayıb. O, Tehranın öz təhlükəsizliyini qorumaq üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.
Müşavir qeyd edib ki, İran İslam Respublikası hərbi doktrinasına sadiqdir və ölkənin ərazi bütövlüyünə toxunulması qarşı tərəf üçün ağır nəticələr doğuracaq:
"İrana qarşı istənilən təcavüz aktı ən sərt və sarsıdıcı şəkildə cavablandırılacaq. Düşmənlərimiz bizim müdafiə qabiliyyətimizi və qətiyyətimizi sınağa çəkməsinlər."
Laricaninin bu çıxışı xüsusilə İsrail və İran arasındakı qarşılıqlı hədələrin artdığı bir vaxta təsadüf edir. Analitiklər hesab edir ki, bu bəyanat həm regional rəqiblərə, həm də beynəlxalq güclərə ünvanlanmış açıq mesajdır. İran rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, ölkənin strateji obyektlərinə və ya hərbi personallarına hücum olacağı təqdirdə, cavab tədbirləri "gözlənilməz və miqyaslı" olacaq.
Xatırladaq ki, son aylarda Yaxın Şərqdə hərbi ritorika kəskinləşib və Tehran özünün raket potensialını nümayiş etdirməklə mümkün hücumlardan çəkindirmə siyasəti yürüdür.































