
Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qarşıladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında yeni tarixi səhifəyə imza atıldığını vurğulayaraq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın başladığını bildirdi. Dövlətimizin başçısı dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlığı böyük imkan və böyük məsuliyyət kimi dəyərləndirərək, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edərək dedi: “Cənab Prezidentə təşəkkür edirəm ki, o Azərbaycana hələ 1992-ci ildə - Azərbaycanın müstəqilliyini bərpa etməsindən cəmi bir il sonra tətbiq olunan bu məhdudiyyəti 33 il sonra bu gün ləğv etdi. Bu gün bu, baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına böyük şərəf və böyük təşəkkür kimi həkk olunacaq”. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. 8 avqust Vaşinqton görüşündə əldə olunan razılaşmalar yalnız Ermənistanla məhdudlaşmırdı. Ermənistan artıq Azərbaycanın irəli sürdüyü prinsipləri qəbul etmişdi. Qarabağda məğlub olan qüvvələr içərisində Ermənistan ən zəif idi. Digər düşmənlər üzərindəki qələbəni rəsmiləşdirmək üçün bu görüş böyük əhəmiyyət daşıyırdı və mükəmməl təşkil olundu. ABŞ prezidentinin verdiyi mesajlar bütün dünyaya Azərbaycanın bütöv və azad dövlət kimi müstəqilliyinin əbədiliyini elan etdi. Cənab Prezident İlham Əliyev imzalanmış Bəyannamədə “Tramp Rifah və Sülh Marşrutu” kimi adlandırılan yolun bir çox divarları yox edəcəyini, yeni əlaqələr yaradacağını və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını vurğulayıb. Prezident İlham Əliyevin Vaşiqton səfərinin nəticəsi kimi əldə olunmuş daha bir uğuru xüsusi qeyd etmək istəyirəm. Söhbət 33 ildən bəri Azərbaycan-ABŞ münasibətlərində qara ləkə kimi duran bədnam 907-ci düzəlişin ləğv olunmasından gedir. Dövlət başçımızın dediyi kimi, bu, tarixi bir hadisədir və onun birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə həyata keçirilməsi Ağ Evin ölkəmizə qarşı xoş niyyətinin aşkar nümayişi kimi qiymətləndirilməlidir ”.
Türkanə Mübariz





























