SON DƏQİQƏ
» » Dünyanın hər bir nöqtəsinə göndərilmiş açıq bir mesaj

Dünyanın hər bir nöqtəsinə göndərilmiş açıq bir mesaj

Tarix:

14-06-2025, 22:13

/ 3 338 dəfə oxundu.
Dünyanın hər bir nöqtəsinə göndərilmiş açıq bir mesaj

2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Milli Qurtuluş Günündə Azərbaycanla Türkiyə arasında, eyni zamanda, Qars müqaviləsindən 100 il sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalandı. 

Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini yeniləyir. Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Şuşadan iki prezidentin verdiyi mesaj isə “Azərbaycanın gücü Türkiyənin gücü,Türkiyənin gücü isə Azərbaycanın gücüdür” oldu. Bu müttəfiqlik Bəyannaməsini Azərbaycan cəmiyyəti ilə yanaşı Türk dövlətləri, dost dövlətləri, eyni zamanda işğalçı Ermənistan və onun arxasındakı güclər, bölgədə maraqları olan güclər də izləyirdi. Bəyannamənin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən onlar bir-birinə yardım göstərə bilərlər. Bu yardımın miqdarı, hansı formada həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında danışıqlar nəticəsində müəyyən olunur. Bu da onu göstərir ki, iki dövlət arasında münasibətlər ən yüksək zirvədədir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə əks etdirilən mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində əksini tapıb.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər