
Əsli Kazımova: "Zəngəzur dəhlizinin açılışı Azərbaycan iqtisadiyyatı üçün ən az TANAP layihəsi qədər böyük əhəmiyyət daşıyır”
«Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə münasibətlərində yeni müttəfiqlik münasibətlərinə keçidin baris nümunəsidir». Bunu «Azad Azərbaycan» qəzetinə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, böyük tarixi əhəmiyyət kəsb edən Şuşa Bəyənnaməsinin iki qardaş dövlət arasında Qars müqaviləsindən yüz il sonra imzalanması olduqca önəmli faktordur: «Ümumiyyətlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri özü özlüyündə dünyaya böyük siyasi mesajlar verir. Bununla bərabər iki dövlət arasında bir çox siyasi qərarların alınması, imzalanmış Şuşa Bəyənnaməsi də, verilən siyasi mesajların sadəcə sözdə deyil, əməldə də, öz təsdiqini tapdığını vurğulayır».
Ə.Kazımova bildirib ki, Prezidentlərin Şuşa səfəri və imzalanmış Şuşa Bəyənnaməsi bu gün bir daha Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını təsdiq etməklə yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin günü-gündən inkişaf etdiyini göstərir: «Azərbaycan-Türkiyə münasibətləri dünyada analoqu olmayan iki dövlət arasındakı münasibətlərə sahibdir. Prezidentlərin Şuşa səfəri iki dövlət arasındakı əlaqələrin zirvə mərhələsinə qədəm qoymasının bariz nümunəsidir. Bu gün qeyd etmək gərəkir ki, hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinin hər iki ölkənin regional, beynəlxalq rolunun və çəkisinin artırması üçün gərəkli addımlar atılmalıydı. Şuşa Bəyənnaməsi isə bütün bu düşünülmüş addımları əhatə edir. Hesab edirəm ki, Şuşa Bəyənnaməsi sadəcə iki dövlət arasındakı əlaqələrin zirvə mərhələsinə qədəm qoyması funksiyasından başqa, ümumilikdə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi kimi önəmli missiya daşıyır. Əlbəttə burada, iki dövlət arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası faktoru da var. Amma bu faktor belə özü özlüyündə region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsinə hesablanmış bir addım kimi dəyərləndirilməlidir”.
Partiya sədri iki ölkə arasında ticari-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi kimi önəmli maddələrin yer aldığı Şuşa Bəyənnaməsinin iqtisadi əhəmiyyəti ilə bağlı da, fikir bildirib: "Ümumiyyətlə heç kəsə sir deyil ki, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması regonun beynəlxalq iqtisadi əhəmiyyətini təsdiq edir. Belə ki, nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biridir. Diqqət etmək gərəkir ki, bu gün TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. Bu gün isə əminliklə demək olar ki, Zəngəzur dəhlizinin açılışı da, Azərbaycan iqtisadiyyatı üçün ən azı TANAP layihəsi qədər böyük beynəlxalq əhəmiyyət daşıyır».
Ə.Kazımova əlavə edib ki, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi missiyasını daşıyan Zəngəzur dəhlizi, həm iqtisadi baxımdan, həm də siyasi baxımdan hər iki ölkəyə böyük dividentlər qazandıracaq: «Şübhəsiz ki, Şuşa Bəyannaməsi də bu kimi önəmli layihələrin həyata keçirilməsi üçün iki ölkə arasındakı ticari-iqtisadi əlaqələrin gücləndirilməsi iqtiqamətində öz tövhəsini verəcəkdir».
Bilman İSAQ