
Azərbaycan-Vyetnam əlaqələri tarixi köklərə əsaslanır, qarşılıqlı hörmət və etimad üzərində qurulub.
Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Dövlət başçısı İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Prezident İlham Əliyev sözügedən səfərdən öncə “Vietnam News Agency” agentliyinə müsahibəsində perspektivləri açıqladı: “Səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirən dövlətimizin başçısı vurğuladı ki, siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq. Prezident İlham Əliyev müsahibə zamanı bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfərinin Vyetnam üçün olduqca böyük əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının aparıcı xəbər agentliyi olan “Vietnam News Agency”yə verdiyi ətraflı müsahibə bir sıra geosiyasi və iqtisadi məqamlarla yadda qaldı. Bu müsahibə yalnız Azərbaycan-Vyetnam münasibətlərinə deyil, eyni zamanda Azərbaycanın Asiya-Sakit okean regionuna dair xarici siyasət prioritetlərinə də aydınlıq gətirdi.
Cənab Prezident İlham Əliyevin verdiyi müsahibə göstərdi ki, Azərbaycan regional və qlobal səviyyədə sabitlik, sülh və tərəqqi yolunu tutaraq, dünya ilə qurduğu münasibətləri çoxölçülü strateji əsaslar üzərində qurmağa davam edir. Vyetnam bu baxımdan Azərbaycanın Asiyaya açılan mühüm tərəfdaş qapısıdır.
Türkanə Mübariz