SON DƏQİQƏ
» » Hər qarışı qızıl, hər damcı suyu dərman olan Kəlbəcər

Hər qarışı qızıl, hər damcı suyu dərman olan Kəlbəcər

Tarix:

25-11-2024, 10:42

/ 3 207 dəfə oxundu.
Hər qarışı qızıl, hər damcı suyu dərman olan Kəlbəcər

Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Arxeoloji faktlara əsaslanaraq deyə bilərik ki,yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. 
Kəlbəcər ərazi baxımından ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir.Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37 min 852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. 
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə Ermənistan silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan sonra Kəlbəcər rayonuna ilk dəfə etdikləri tarixi səfər mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həmin vaxt Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə rəsmi start verildi. İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Kəlbəcərdə də həyata keçirilən vüsətli bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin daha bir göstəricisidir. 2023-cü ilin may ayının 27-də dövlətimizin başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoymuşdur. Yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.

Türkanə Mübarizскачать dle 12.1

Şərhlər