
Bu dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir.
GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
***
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə saldılar.
Sonra hidroqovşaqlarla bağlı videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.
Açılış mərasimi çıxışlarla davam etdi.
Əvvəlcə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Seyid İbrahim Rəisi.
Hörmətli mərasim iştirakçıları, xanımlar və cənablar.
Sizi ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni bir mərhələnin başlanğıcı olan “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində böyük məmnuniyyətlə salamlayıram.
Dövlətlərimizin rəhbərlərinin uzaqgörən siyasətinin, dəqiq hesablanmış strateji yanaşmalarının nəticəsidir ki, bu gün biz Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsinin şahidiyik.
Yaxın gələcəkdə isə birgə səylərimizlə su elektrik stansiyalarının açılışına da nail olacağıq.
Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.
Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq.
Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsi üzrə 2016-cı ildə imzalanmış müvafiq Hökumətlərarası Sazişə əsasən yaradılmış birgə Texniki Komissiya layihələrin icrası prosesindən irəli gələn məsələlərin müzakirəsi, razılaşdırılması və həllinə töhfə verir.
Fürsətdən istifadə edərək mən İran İslam Respublikasının energetika naziri cənab Əli Əkbər Mehrabiana səmərəli və konstruktiv əməkdaşlığa görə təşəkkürümü bildirmək istərdim.
“Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək.
Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək.
Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.
Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.
İnanırıq ki, biz irəlidə daha çox körpülər inşa edəcəyik.
Sonda bir daha birgə layihələrimizin ölkələrimiz üçün xeyirli olmasını diləyirəm.
Diqqətiniz üçün təşəkkür edirəm.
İranın energetika naziri Əli Əkbər Mehrabian çıxış edərək dedi:
- Allahın adı ilə.
İmam Rza əleyhissalamın doğum günündə qardaş Azərbaycan xalqını təbrik edirəm.
Dəyərli qonaqları salamlayıram.
Bu gün 1403-cü ilin ordubehişt ayının, mayın 19-dur. Biz bu gün İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ev sahibliyi ilə bu tədbirdə iştirak edirik.
Əminliklə bildirirəm ki, iki ölkə arasındakı əlaqələrdə bu gün tarixi bir andır. İran dünyada bəndlərin və eyni zamanda, hidroqovşaqların yaradılmasında çox önəmli ölkələrdən biri sayılır. İranda İslam İnqilabından sonra 200-yə yaxın bənd və hidroqovşaq tikilmişdir və bunların hamısı bizim tarixi göstərir.
Araz çayı dörd ölkə arasında yerləşir və bu regionda yaşayan xalqlar arasında hər zaman diqqəti çox cəlb edib və hər zaman önəm kəsb edib. Bu çay hər zaman iqtisadi, mədəni və tarixi cəhətdən önəm daşıyıb. Eyni zamanda, iqtisadi infrastrukturların inkişafına da səbəb olub. Həmçinin sərhədyanı ərazilərdə yaşayan insanların da həyatlarının iqtisadi cəhətdən yaxşılaşmasına töhfə verib. Əlli il ərzində bu bəndin, eyni zamanda, Araz çayının suyundan istifadə etmək üçün hər zaman əməkdaşlıq olmuşdur. Bildiyiniz kimi, Araz çayının üstündə 12 kilometr uzunluğu olan və eyni zamanda, sellərin qarşısını alan bu bəndin imkanlarından geniş istifadə edilir. Həmçinin bu bəndin suyundan əkin sahələrinin suvarılmasında da istifadə olunacaq.
Təəssüflər olsun ki, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi baxımından çətinlik, quraqlıq yaranır. Ona görə də torpaqlardan, enerjidən istifadənin önəmi daha da artır. Təbii ki, bu səbəbdən biz ənənəvi əkinçilik üsullarından daha müasir və modern üsullara keçməliyik. Buradakı iki elektrik stansiyasında 540 meqavat enerji istehsal olunacaq. Bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir. Bu layihə, əslində, səbəb olacaq ki, Azərbaycan və İrandan əlavə, digər qonşu ölkələrlə də su sahəsində əməkdaşlığımızı genişləndirək. Təbii ki, Araz çayı boyunca yerləşən ölkələr sudan və bundan əldə olunan enerjidən istifadə sahəsində əməkdaşlığı daha da artırmalıdır. Bu sahədə də Şimal-Cənub, Şərq-Qərb arasında memorandumlar imzalanır.
Bu gün haqqında danışdığımız bu bənd və eyni zamanda, su elektrik stansiyası bizim mühəndislərin zəhmətinin nəticəsidir. Çox istərdim ki, İran su şirkətinin və eyni zamanda, Azərbaycanın su sahəsində işləyən müvafiq şirkətlərinin işçilərinə təşəkkürümüzü bildirək. Onlar bu sahədə çox zəhmət çəkiblər. Eyni zamanda, bu layihənin sərmayədarlarına və podratçılarına da təşəkkür etmək istəyirik. Ümidvarıq ki, bu uğurlar ölkələrimizin yüksəlişinə xidmət edəcək.
Sonra dövlət başçıları çıxış etdilər.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident.
Əziz dostlar.
Bu gün çox əlamətdar bir gündür. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada da qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyük bilik, səriştə və təcrübə tələb edirdi.
Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.
Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək.
Bu gün biz hörmətli Prezident Rəisi ilə bir çox məsələləri geniş müzakirə etdik və bir daha əmin olduq ki, bizim fikrimiz üst-üstə düşür, istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.
Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.