SON DƏQİQƏ

Ayaqlarımızın rahatlığı nədən asılıdır?

Tarix:

23-02-2022, 08:36

/ 2 174 dəfə oxundu.
Ayaqlarımızın rahatlığı nədən asılıdır?

Çox vaxt ayaqqabı almaq üçün seçim edərkən onun keyfiyyət və rahatlığından daha çox görünüşünə fikir verirlər. Lakin ayaqqabı mütləq ayağa uyğunlaşmalı, uzunluğu və eni mütənasib olmalıdır. Yanlış ayaqqabı seçimi ayaqda deformasiyaya səbəb olmaqla yanaşı, bel və onurğaya da mənfi təsir göstərir. Ortopedlər təbii dəridən hazırlanan ayaqqabılardan istifadə etməyi tövsiyə edirlər. Süni və sintetik materiallarda məsamələr olmadığından ayaqda xoşagəlməz qoxu yaranır.

Həkim-ortoped Ramin Rzayev bu barədə deyib:

"Seçim edərkən, ilk növbədə, ayaqqabının pəncə ölçüsünə uyğun olmasına fikir vermək lazımdır. Ayaqqabı nə çox hündürdaban, nə də dabansız olmalıdır. Orta dabanlı ayaqqabılara üstünlük verilməlidr. Seçim zamanı ayaqqabıların ortopedik, həm üst, həm alt materialına görə elastik, materialı dəridən nəm çəkə bilən olmasına diqqət yetirmək lazımdır. Ayaqqabı içliyinin, yəni tərliyin pəncə altına uyğun olaraq ortopedik olması məsləhət görülür”.

Ayaqqabının elastik və yumşaq altlıqlı olması çox vacibdir. Xanımların dikdaban ayaqqabılardan gündəlik istifadəsi də məsləhət deyil, çünki həmin ayaqqabı bədənin bütün ağırlıq mərkəzini qabağa çəkir. Onurğa, bel, kürək nayihələrindəki əzələlər yüklənir və gərginləşir:

"Pəncənin altında, xüsusən barmaqlarda dəri döyənəklərin yaranması və hətta bəzən xüsusən qadınlarda uzun müddət hündürdaban, barmaq və pəncələri sıxışdıran ayaqqabılar geyindikdə barmaq və pəncədə müəyyən deformasiyalar yaranmasına səbəb olur. Nadir hallarda isə barmaqlara gedən sinirlərdə törəmələrin yaranmasına və kəskin ağrılara aparıb çıxarır”, - deyə həkim-ortoped bildirib.

Bundan başqa düzgün seçilməyən ayaqqabı dəridə səpki və göbələklərin yaranmasına da səbəb ola bilər. Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova deyib:

"Ayaqqabı sintetik materialdandırsa, pambıq corablar geyinmək daha yaxşıdır, çünki ayaqlar aşırı dərəcədə tərlədikdə kontakt dermatiti, hiperhidroz deyilən xəstəlik nəticəsində qaşınan səpkilər və barmaq arasında tərin tərkibindəki duzların qıcıqlandırması nəticəsində bişməcələr, barmaqarası göbələyə qədər ağırlaşmalar müşahidə oluna bilər”.

Sağlamlıq hər şeydən üstündür. Ona görə də ayaqqabı alarkən onun yaraşığına yox, hərəkət edərkən ayağa nə qədər rahat olmasına fikir vermək lazımdır.

скачать dle 12.1

Şərhlər