SON DƏQİQƏ
» » Səhiyyə Nazirliyi Şəkidə qızılcaya yoluxma ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Şəkidə qızılcaya yoluxma ilə bağlı məlumat yayıb

Tarix:

26-10-2023, 10:37

/ 2 381 dəfə oxundu.
Səhiyyə Nazirliyi Şəkidə qızılcaya yoluxma ilə bağlı məlumat yayıb

Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca və məxmərək xəstəlikləri üzrə sabit epidemioloji vəziyyət müşahidə olunur.

Səhiyyə Nazirliyindən GunAz.az-a bildirilib ki, bununla belə, cari ilin ötən dövründə Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan, Gürcüstandan gətirilmə hadisələrdən baş verən sporadik yoluxma halları müşahidə edilib. Təxirəsalınmaz profilaktik tədbirlər nəticəsində yoluxma hallarının geniş yayılmasının qarşısı vaxtında alınıb.

Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanin 22 sinifindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.

Yoluxmuş uşaqlar izolyasiya edilib, onlardan laborator müayinə üçün nümunələr götürülüb, uşaqlara xəstəxana şəraitində tibbi yardım göstərilib. Gimnaziyanın fəaliyyəti xəstələrlə sıx təmasda olan digər uşaqlara gündəlik həkim baxışı və termometriya həyata keçirilməklə davam edir.

Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Son yoluxma hadisəsi 6 oktyabr 2023-cü il tarixində qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamlanana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi belə halların qarşısının alınması məqsədilə bir daha vaksinasiyanın vacibliyini vurğulayır və hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ