SON DƏQİQƏ
» » Uşağım tez-tez xəstələnir: Hansı halda narahat olmalıyıq?-Həkim açıqladı

Uşağım tez-tez xəstələnir: Hansı halda narahat olmalıyıq?-Həkim açıqladı

Tarix:

Bu gün, 12:56

/ 2 353 dəfə oxundu.
Uşağım tez-tez xəstələnir: Hansı halda narahat olmalıyıq?-Həkim açıqladı

Uşaqların tez-tez xəstələnməsi və bununla bağlı yaranan “zəif immunitet” narahatlığı müasir pediatriyanın və valideynlərin ən çox qarşılaşdığı aktual mövzulardan biridir. Bu vəziyyət çox vaxt uşaqları infeksiyalardan qorumaq məqsədilə müxtəlif vitamin komplekslərinə, immun gücləndirici preparatlara və ya erkən mərhələdə antibiotik müalicəsinə müraciət edilməsi ilə nəticələnir. Lakin uşaq orqanizminin təbii müdafiə sisteminin formalaşma prosesi və bu prosesə kənardan edilən müdaxilələrin rolu elmi yanaşma tələb edir. Bəs uşaqların immun sistemini təbii yollarla necə dəstəkləmək olar və orqanizminin müdafiə mexanizmini qorumaq üçün hansı qaydalara diqqət yetirilməlidir?
GunAz.az-ın mövzu ilə bağlı suallarını peşəkar pediatr Orman Ağayev cavablandırır:
Doktor, uşaqların tez-tez xəstələnməsi valideynlər arasında ən çox müzakirə olunan mövzulardandır. Tibbi nöqteyi-nəzərdən yanaşsaq, bir uşağın il ərzində neçə dəfə xəstələnməsi formalaşmaqda olan immun sistemi üçün normal qəbul edilir?
– Müasir pediatriyada uşaqların tez-tez xəstələnməsi, xüsusilə də fəsil dəyişiklikləri zamanı respirator infeksiyalara yoluxması tamamilə təbii bir fizioloji proses hesab olunur. Çünki immun sistemi xarici mühit amilləri ilə təmasda olaraq formalaşır və güclənir. Lakin burada “norma” anlayışı uşağın yaşına və daxil olduğu sosial mühitə görə dəyişir. Tibbi nöqteyi-nəzərdən bu dövrləri üç əsas qrupa ayıra bilərik:
2 yaşa qədər olan dövr (Erkən yaş dövrü): Bu mərhələdə uşağın xarici mühitlə və yad mikroorqanizmlərlə təması daha məhduddur. Əgər uşaq ev şəraitindədirsə, kollektivə (bağçaya) getmirsə, il ərzində 3–4 dəfə yüngül virus infeksiyası keçirməsi normal qəbul edilir. Bu yaşda immun sisteminin əsas xarici dəstəkçisi ana südü və düzgün qidalanmadır.
2 yaşdan məktəb yaşına qədər olan dövr (Bağça dövrü):Bu, uşaqların kütləvi şəkildə sosial mühitə daxil olduğu, qapalı məkanlarda digər həmyaşıdları ilə sıx təmasda olduğu mərhələdir. Bağça dövründə xarici mühit amillərinin təsiri pik həddə çatır və uşağın il ərzində 5–6, hətta bəzən 8 dəfəyə qədər xəstələnməsi (əgər ağır fəsadlar vermirsə) tibbi norma daxilindədir. Bu, immun sisteminin yad viruslarla “tanışlıq” və özünümüdafiə bünövrəsini qurma formasıdır.
Məktəb yaşı (6–17 yaş dövrü): Məktəb illərində artıq immun sistemi müəyyən bir təcrübə qazanmış olur və formalaşma prosesini böyük ölçüdə tamamlayır. Bu yaş qrupunda xarici mühit amillərinə qarşı müqavimət artır. Yeniyetməlik dövrünə doğru uşaqların il ərzində 3–4 dəfə mövsümi xəstəliklərə yoluxması normaldır.
Göründüyü kimi, uşağın fəsil dəyişkənliyinə verdiyi reaksiyalar onun daxil olduğu mühitlə birbaşa bağlıdır. Valideynlər hər xəstələnməni “immunitet zəifliyi” kimi dəyərləndirməməli, bunun orqanizmin yetkinləşmə mərhələsi olduğunu qəbul etməlidirlər.
Bəs hansı klinik göstəricilərdən və ya simptomlardan sonra valideyn artıq ciddi şəkildə narahat olmalı və tibbi müdaxiləyə ehtiyac duymalıdır?
–Çox yaxşı sualdır. Limitlərin sayı keçdikdə yanaşı gedən xəstəlikləri də mütləq təhlil etmək lazımdır. Bura allergiya, anemiya (qanazlığı) və immun çatışmazlığı daxildir. Məsələn, uşaqda əgər tənəffüs yolları infeksiyalarının yaratdığı simptomlar – öskürək, iştahsızlıq, ümumi zəiflik normadan daha gec sağalırsa, mütləq başqa yanaşı gedən xəstəlikləri də nəzərdən keçirmək lazımdır.
Belə çıxır ki, bəzən valideynlər “zəif immunitet” deyib müalicə axtararkən, əslində problem tam fərqli – məsələn, gizli qanazlığı (anemiya) və ya allergik fondan qaynaqlanır. Tibbi praktikada bu cür yanlış yanaşmalara və ya gözdən qaçan yanaşı xəstəliklərə nə dərəcədə tez-tez rast gəlinir?
–Bəli, təəssüf ki, tibbi praktikamızda bu cür hallarla çox tez-tez rastlaşırıq. Rəqəmlərlə desək, qəbula gələn demək olar ki, hər 5 xəstədən 2-də bu problemlə – valideynlərin özbaşına etdiyi yanlış müalicənin fəsadları ilə qarşılaşırıq.
Valideynlər çox vaxt həkim məsləhəti olmadan, tamamilə öz bildikləri kimi və ya ətrafdan duyduqları tövsiyələrlə uşaqlara öskürəkazaldıcı və ya bəlğəmgətirici siroplar verirlər. Bu, olduqca təhlükəli və yanlış bir yanaşmadır. Məsələ burasındadır ki, öskürək bir xəstəlik deyil, orqanizmin tənəffüs yollarını təmizləmək üçün daxili müdafiə mexanizmidir. Məsələn, uşaqda bəlğəmli öskürək olduğu halda, ona kor-koranə öskürəkkəsici sirop verildikdə, həmin bəlğəm ağciyərlərdə yığılıb qalır. Bu isə xəstəliyin daha da irəliləməsinə, bronxit və ya pnevmoniya (sətəlcəm) kimi ağır fəsadlara yol açır. Nəticədə, sadə bir virus infeksiyasının sağalma müddəti həftələrlə uzanır və müalicə prosesi həm uşaq, həm də valideyn üçün xeyli çətinləşir. Bir növ, valideynlər uşağa kömək etmək istəyərkən, bilmədən prosesi daha da mürəkkəbləşdirirlər.
Doktor, hər 5 uşaqdan 2-nin bu cür yanlış müdaxiləyə məruz qalması kifayət qədər ciddi rəqəmdir. Bir çox valideyn isə hələ də elə düşünür ki, immunitet “artırıcı” siroplar və ya çoxlu vitaminlər verməklə uşağın sağlamlığını qoruyacaq. Bu düşüncəyə münasibətiniz necədir və əslində hansı qaydalara riayət olunmalıdır?
– Tamamilə yanlış bir təfəkkürdür. İmmuniteti aptekdən alınan şüşə qablarda deyil, gündəlik doğru vərdişlərdə axtarmaq lazımdır. Uşaqların sağlamlığını qorumaq və təbii müdafiə sistemini gücləndirmək üçün valideynlər bu fundamental qaydalara əməl etməlidirlər:
Təbii və Sağlam Qidalanma: Marketlərdə satılan hazır, konservləşdirilmiş qidalar, qazlı və şirin içkilər, müxtəlif “abur-cubur”lar (çips, şokolad barları və s.) uşağın rasionundan birmənalı olaraq çıxarılmalı, qadağan edilməlidir. Mövsümi, təbii və ev şəraitində hazırlanmış zəngin qidalara üstünlük verilməlidir.
Doğru Maye İstehlakı:Uşaq bol təbii maye qəbul etməlidir. Lakin burada bir incə məqam var: plastik qablarda uzun müddət qalan sular deyil, təmiz və təbii qaynaq sularına üstünlük verilməlidir.
Düzgün Yuxu Rejimi: İmmun hüceyrələrinin yenilənməsi və bədənin bərpası üçün uşağın yaş normasına uyğun, keyfiyyətli və vaxtında yuxu alması mütləqdir.
Aktiv Həyat Tərzi və Açıq Hava: Uşaqlar qapalı məkanlarda, telefon və ya televizor qarşısında deyil, aktiv hərəkətdə olmalıdırlar. Açıq havada, təbiət qoynunda çox vaxt keçirmək orqanizmi möhkəmləndirir. Sadəcə yay aylarında birbaşa yandırıcı günəş şüalarının altında qalmamağa diqqət edilməlidir.
Gigiyena Qaydaları: Bəsit, lakin fundamental olan gigiyena qaydalarına (mütəmadi əl yumaq, təmizliyə riayət etmək) uşaqları erkən yaşdan öyrətmək lazımdır. Bu, orqanizi bir çox infeksion risklərdən təbii yolla sığortalayır.
Bir sözlə, uşağın sağlamlığı kimyəvi preparatlardan deyil, onun yaşadığı mühitin keyfiyyətindən və valideynin doğru yanaşmasından asılıdır.
Söhbətləşdi: İlahə Allahverdiyeva
GunAz.az saytının baş redaktoru
скачать dle 12.1

Şərhlər