SON DƏQİQƏ
» » Parlament seçkilərinin vaxtı açıqlandı-MÜSAHİBƏ

Parlament seçkilərinin vaxtı açıqlandı-MÜSAHİBƏ

Tarix:

17-04-2024, 17:30

/ 5 377 dəfə oxundu.
Parlament seçkilərinin vaxtı açıqlandı-MÜSAHİBƏ

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a müsahibə verib, parlament seçkiləri barədə danışıb. Müsahibəni  təqdim edirik: 
- Əsl seçki havasıdır. Siz necə düşünürsünüz?
- Bəli, sözsüz, seçkilər yaxınlaşır. Hesab edirəm ki, bir neçə ay vaxt qalır. Noyabrda seçkilər olmalıdır. Biz bilirik ki, sentyabrın ortalarında "Formula-1" yarışları keçiriləcək. Fikrimcə, Formula yarışlarınadək, sentyabrın ortalarına qədər sağlam və siyasi məntiq parlament seçkilərinin keçirilməsinin zəruriliyini diqtə edir. Böyük ehtimalla, hökumət də bu mövqedən çıxış edəcək və həm "Formula-1"dək, həm COP29-a qədər ölkədə seçkilərin keçirilməsini təmin edəcək. COP29-un əsas tədbirinin noyabrın 22-də keçiriləcəyini nəzərə alsaq, seçkilərin vaxtında keçirilməsi ehtimalı da var. “Formula-1" 13-15 sentyabrda keçiriləcəksə, düşünürəm ki, sentyabrın 10-dək seçkilər keçirilə bilər. İki ay tez və ya gec heç nəyi dəyişmir.
- Sizə rəsmi, yaxud qeyri-rəsmi nəsə deyilibmi?
- Yox, hər hansı bir məlumat yoxdur. Sadəcə olaraq, ehtimallardır. 
- Qüdrət bəy, sizcə, budəfəki seçkilər əvvəlkilərdən nələrlə fərqlənəcək?
- Sözün doğrusu, mən istəyərdim ki, ölkədə öncə konstitusiya islahatları həyata keçirilsin və sonra parlament seçkilərinə gedilsin. Amma artıq zaman yoxdur. Konstitusion müddəti də pozmaq olmaz. Yəni parlamentin fəaliyyətini 5 ildən artıq uzatmaq olmaz. Yalnız ölkədə hərbi vəziyyət olduqda müddət uzadıla bilər. Amma ölkədə konstitusion islahatlar da qaçılmazdır, buna çox böyük ehtiyac var. Düşünmürəm ki, 2024-cü ildə keçiriləcək seçkilər zamanı formalaşdırılacaq parlament 5 il fəaliyyət göstərəcək. Yəni belə bir ehtimal azdır, amma 5 il fəaliyyət göstərə də bilər.
- Kifayət qədər sensasion yanaşmadır. Nəyə əsasən belə deyirsiniz?
- Ona görə ki, konstitusiya islahatlarına ehtiyac var. Ölkədə dövlət idarəetməsi təkmilləşdirilməlidir.
- Yəni budəfəki çağırış keçid dövrünün parlamenti olacaq?
- Bəli. Mən düşünürəm ki, 2025-ci ildə ölkədə referendum keçirilsə və yeni konstitusiya qəbul olunsa da - buna çox böyük ehtiyac var, 1995-ci ilin konstitusiyası keçid dövrünün konstitusiyası idi - ölkədə yenidən parlament seçkilərinin keçirilməsinə ehtiyac olacaq. Ola bilsin konstitusiyada qeyd oluna bilər ki, konstitusiyanın parlament seçkilərinə aid olan hissəsi növbəti parlament seçkilərindən sonra, yəni 2029-cu ildən sonra tətbiq olunur. Yəni belə ehtimal da var. Amma zamanı o qədər uzatmağın da adı yoxdur. Ona görə ki, cəmiyyət inkişaf edir. Biz 33 ildir dövlət müstəqilliyimizi əldə etmişik, amma dövlət idarəetməsi təkmilləşməyib. Baxmayaraq ki, cəmiyyət çox sürətlə irəli gedib, inkişaf edib. 1991-ci illə indiki dövrü müqayisə edin. O vaxt heç mobil telefonlar yox idi. Görün bu 33 il ərzində dünya haradan-haraya inkişaf edib. O baxımdan dövlət idarəetməsində mütləq yeniliklər olmalıdır. Şərait də göstərir ki, bizdə həm dövlət aparatı şişib, bir çox dövlət orqanlarının funksiyaları üst-üstə düşür, optimallaşdırma, struktur islahatları aparmaq lazımdır. Ona görə də yeni konstitusiyanın qəbulu zərurətdir. Məhkəmə hakimiyyətinin, parlamentin rolu artırılmalıdır. Yeni konstitusiyada vitse-prezidentlik institutu saxlanılacaqsa, Nazirlər Kabineti ləğv olunmalıdır. Hökumət üzvləri parlamentin razılığı ilə vəzifəyə təyin olunmalı, onlara Milli Məclis tərəfindən etimadsızlıq ifadə olunduqda vəzifələrindən azad olunmalıdırlar. Konstitusiyada parlamentdə siyasi fraksiyaların yaradılmasını təmin edən mexanizmlər yaradılmalı, proporsional seçki sistemi bərpa olunmalı, Milli Məclisə geniş səlahiyyətlər verilməlidir. Parlament hökumət üzərində normal nəzarət funksiyasını yerinə yetirə bilməlidir. Bizim indiki nəzarətimiz ildə bir dəfə hökumətin hesabatını dinləməkdir. Amma Hesablama Palatasından kənar parlamentin müvafiq komitəsini yaratmaqla birbaşa nəzarət mexanizmləri yaradılmalıdır. Əlbəttə, bizim partiyanın mövqeyi, ümumiyyətlə, ondan ibarətdir ki, parlamentli respublika modelinə keçək. Amma inanmıram ki, YAP hakimiyyətdə olduğu dövrdə buna getsin. Ona görə də ən azından məhkəmə və qanunverici orqanın səlahiyyətləri genişlənməli, məhkəmələrin qismən də olsa, müstəqilliyi təmin edilməli, hakimiyyətin qanadlarının bir-birinə qarşılıqlı nəzarət mexanizmi yaradılmalıdır. Köklü islahatlar aparmadan güclü iqtisadiyyat qurmaq, iqtisadiyyatda neftdən asılılığa son qoymaq, vətəndaş məmnunluğuna söykənən güclü hüquqi dövlət qurmaq mümkün olmayacaq. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ