
Dubay hakiminin qardaşı oğlunun keçmiş xanımı Zeynəb Cavadlı üç azyaşlı qızının qəyyumluğu üzərində yaranan münaqişənin dərinləşməsi fonunda saxlanılıb.
GunAz.az xəbər verir ki, bu barədə BBC rəsmi mənbələrə istinadən məlumat yayıb.
Dubay Dövlət Prokurorluğundan verilən məlumata əsasən, Zeynəb Cavadlının saxlanılmasına səbəb onun sabiq əri və üç uşağının atası Şeyx Səid bin Maktum bin Rəşid Al Maktumun şikayəti olub. Çərşənbə axşamı gecəsindən etibarən Cavadlının ailəsi, yaxınları onunla əlaqəni itirib və yerinin harada olması barədə narahatlıq keçiriblər. Təxminən iki gün ərzində nə sabiq idmançı, nə də uşaqları haqqında heç bir xəbər əldə etmək mümkün olmayıb.
Dubay Prokurorluğunun məlumatına əsasən, onun keçmiş əri iddia edir ki, qadın məhkəmə tərəfindən icazə verilən görüş zamanı övladlarını qaçırıb. Hələ ötən il Şeyx Səid polisə şikayət edərək onu qızlarını qaçırmaqda ittiham edib.
Dubay Dövlət Prokurorluğu məsələnin istintaq altında olduğunu və hüquqi prosedurların davam etdiyini bildirib.
"Uşaqların rifahını və ən ali maraqlarını qoruyaraq, tətbiq edilən qanunvericiliyə uyğun olaraq, lazımi hüquqi addımları atmağa davam edəcəyik", - deyə qurumun açıqlamasında qeyd olunub.
Buna cavab olaraq Zeynəb Cavadlının hüquqlarını müdafiə edən britaniyalı insan haqları üzrə vəkil David Heyq BƏƏ-ni Zeynəb Cavadlının dərhal öz vəkili, konsulluğu və ailəsi ilə əlaqə saxlamasına icazə verməyə və qadının Dubaydakı evinə buraxılmasına çağırıb.
Xatırladaq ki, ötən gün keçmiş gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb. Bildirilib ki, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlıdır.































