Prezident İlham Əliyevin sərəncamı ilə Samir Ayət oğlu İdayətov Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
S.İdayətov 10 may 1980-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə üzrə əlavə ali təhsil alıb.
2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub. 2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini, 10 noyabr 2021-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.
Ailəlidir, 3 övladı var.