
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib. İclasda nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər. Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb. 14:50 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bəzi KİV-lərdə DANX-ın daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin işdən çıxarılmasını təkzib edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. "Bu gün Bakıda bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolu bağlaması ilə əlaqədar bəzi KİV-lərdə dərc olunmuş DANX-ın İdarə Heyətinin sədri Anar Rzayevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq alması və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin vəzifəsindən uzaqlaşdırılması xəbəri həqiqəti əks etdirmir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb", - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, gecə saatlarından etibarən Bakıda 4 yük maşını Heydər Əliyev prospektində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevə etiraz olaraq yolu bağlayıb.