SON DƏQİQƏ

Qudurmuş məmurun daxili monoloqu

Tarix:

10-02-2022, 10:46

/ 2 826 dəfə oxundu.
Qudurmuş məmurun daxili monoloqu

Eldəniz Quliyev
- Ay şərafətli, mərifətli, ləyaqətli millət! Sən yaşamırsan!..Sən sürünürsən, sən yuxulusan, mürgüləyirsən, sən fil qulağında yatmısan! Yaşamağın, sudan quru çıxmağın çəmini-təhərini bilmirsən... Tutmusan ləyaqətin, şərəfin, namusun, mənəviyyatın - beşməkanın quyruğunnan ki, iş bilmişəm. Ay başıbatmış millət, bunlar hamısı fuflodu, vozduxdu! Bəli, mən arını yeyib, namsunuu çölə tullamışlardanam – nolsun? Soruşuram, axı noolsun?! Bəli, mənim arvadım gəzəyəndi, ipiqırığdı, ayağısürüşkəndi və sair və ilaxır,– bunun kimə nə dəxli və kimə nə isti-soyuğu var?!.. Gəzir, lap belə əccəb eləyir gəzir!.. Gəzməyin nəyi pisdi ki, ay tupoy başkalar?.. Qoy gəzsin də, əsas odur ki, byrcuda-burcuda axırı gəlib öz xarabasına çıxır, -vsyo! Axı həyat adama bir dəfə, cəmi bircə dəfə verilir, bunu qanırsız heç, ay danqabaş yığınağı?..
Qızıma da polnıy volya vermişəm, demişəm ki, doçenka, nə badə kayfınnan -zadınnan qalarsan ha! Ha- ha!.. Get, maman gəzən ağacları budaq-budaq... yox, lap belə, yarpaq-yarpaq gəz, - papan ölməyib ki! Sonra gec olacaq, kukla kimi yetişmiş qızssan, kimnən, kimlərnən istəyirsən keyf elə, özünçün. Qaldı oğluma... xoflu xainlər oğul balamı görəndə paxıllıqdan alışıb yanıllar!.. Canım-ciyərim oğlum! Bığ yeri təzəcə tərləmiş, xoruz yerişli oğlum! Gələcəyim, davamçım, varisim, vərəsəm, Kançitaya oxşayan oğlum!!! İndi bəzi ağzıgöyçəklər oğul balamın öz "Ferrari”siylə dörd-beş nəfəri vurub xosunbay eləməsini şişirdib şou düzəldillər. Guyam ki, içkili olub, narkoş-markoş vəziyyətdə olub, huşu başında olmayıb... Əh, lap belə, deyilən kimidi, noolsun?! Olub-olmayıb, lap belə əcəb eləyib, olub-olmayıb! Lap belə əlinin içinnən gəlib, içinin içinnən gəlib, içində bir noxud var- noxudun içinnən gəlib! Vurub üç- dörd nəfər, lap olsun beş-altı nəfər, avara-uvara adam öldürüb... noolsun?! Adam öldü, it öldü – böyük fərqi var bəyəm?! İindi mən boyda kişi bunnan ötərü durub uşağıma "gözün üstə qaşın var” deməliyəm? Cavandı, dəliqannıdı, hallıdı,- bu yaşında da avtoşluq eləmiyib bə nə vaxt eləyəcək?.. Əlqərəz, gözü götürməyənlərin gözü çıxsın, necə ki, çıxır da! Tifilə cəmi - cümlətanı bir milyon dollara maşın alıb bağışlamışam, paraşa buraxırlar ki, maşının qiyməti beş milyondu. Vallahi-billahi bu millət ... millət ha!- ha-ha... - məhv olmalıdı. Şəxsən mənim imkanım olsa bunları sıraya düzüb, bittə-bittə tapdalayıb əzərdim, - tarakan kimi! Xurd-xəşil eləyərdim. Nəyə lazımdı , kimə lazımdı bu millət? Guya, bunlar olmasa dünya dağılacaq, ölkədə iş getmiyəcək!?.. Boş sözdü! Fuflodu, sabun köpüyüdü! Lap yağ kimi gedəcək! Odey ha, pakistanlı, çinli, əfqanistanlı... o qədər ucuz, su qiymətinə işçi qüvvəsi var ki, lap itivə tök!.. Nə mitinq eləyillər, nə şikayət, nə də haqların-hüquqlarını tələb eləyirlər!.. Həə, indi keçək özümə. Mən veçni acam! Acgözəm. Təpəgözəm! Döymuram... yox, yeməyi-xörəyi nəzərdə tutmuram: mən puldan-paradan doymuram. Mən pulun ətrinnən, qoxusunnan , şıx-şıxınnan, hökmünnən doya bilmirəm. Mənim Allahım yüzlük manatdı-AZN! Mənim dinim-imanım yüzlük dollardı-ABŞ dolları! Mənim vicdanım-etiqadım yüzlük avrodu- daşdan keçən sevgili yevro! Paçka-paçka! Qalaq-qalaq! Kilo-kilo! Oxx, qadasın allam, başına dolannam pulun!.. Bu gün mən öz böyüyümə, yəni sahibimə, yiyəmə, başımın ağasına heyvan kimi sədaqətliyəm. Lazım gələndə onun ayaqqabılarının altını yalayıram, lazım gəlsə, qabağında lap yüz dəfə donbalağ da aşaram... Sahibimin sahibinin iti, onun sahibinin isə küçüyüyəm. Amma eyni zamanda, mən həm də hər şeyi götür-qoy eləyənəm, çoban iti kimi sayıq, qaz kimi ayığam. İşdi-şayətdi, əgər sabah – "kiş-kişlər” olsun, şər deməsən xeyir gəlməz,- çərxi-fələk tərsinə dövran eləsə, yəni hakimiyyət-filan dəyşməli olsa, heç "uf”da demədən öz yiyələrimi baqaja qoyaram. Baqaja qoyaram ki, sudan quru çıxa bilim. Vot tak! Sivişib sudan quru çıxmaq nə vaxtdan qəbahət sayılır? Burada nə pis iş var ki?.. Bacarana can qurban! Hələlik isə mən kölənin köləsinin köləsiyəm. Quyruq bulayıram, yalmanıram, ikiüzlülük, əclaflıq, alçaqlıq, satqınlıq eləyirəm. Və bir qram da vicdan əzabı çəkmirəm. Bilin, olmayan şeyin əzabıı da olmaz ha. Ha-ha!.. Bəli, mən oğraşam, dəyyusam, gözüynən görənəm... noolsun? Sizdən soruşuram: noolsun axı?! İndi kimin duxu çatar ki, ağız bahəm eləyib mənimlə çiling-ağac oynasın?! Vallahi, heç "mıqq”da eləməyə macal tapmaz,- basdırram!!! Cibinə narkotik, evinə avtomat, tapança, həyətinə S-300 raketi-çala-çala əlli-ayaqlı gedər!..
Ay şərafətli, mərifətli, ləyaqətli millət! Xəbərin yoxdu, sən ölməyə məhkumsan. Təəccüblüsü budu ki, indiyə qədər niyə hələ ölməmisən?.. Bəlkə də çoxdan ölümüsən, sadcə xəbərin yoxdu!..
Əlqərəz...Siz ölməyinizdə, mən də öz keyfimdə olum. Bəli, mən sizdən fərqli olaraq, yaşamağın yol-yolağasını tapmışam və özümçün bala-bala ya-şa-yı-ram!.. Ham-ham! Ham- ham-ham!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ