
Bilman İSAQ
Qlobal Forumun Kölgəsində Qalan Televiziya Məsuliyyəti: Xəzər TV nəyi seçdi?
2026-cı ilin mayında Bakı daha bir mötəbər beynəlxalq tədbirə – BMT-nin təşkil etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi. Dünyanın 180-dən çox ölkəsindən əlli mindən çox iştirakçının qatıldığı bu tədbir təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu platforma deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun nümayişi idi.
Forum günlərində ölkənin əksər televiziya kanalları canlı bağlantılar, xüsusi reportajlar, ekspert rəyləri və geniş təhlillərlə bu qlobal tədbiri tamaşaçıya çatdırmağa çalışırdı. Çünki söhbət sıradan bir tədbirdən yox, Azərbaycanın beynəlxalq gündəmdə yer aldığı mühüm platformadan gedirdi.
Lakin bu ümumi media mənzərəsinin fonunda diqqət çəkən bir detal da oldu: Xəzər TV və kanalın tanınmış aparıcısı Lalə Azərtaş sanki başqa bir informasiya gündəmi ilə yaşayırdı.
“Təsir Dairəsi” proqramının efir məzmunu forumun bağlanış günündə də əvvəlki ampluasında davam etdi – emosional məişət mövzuları, şəxsi dramlar, sosial qalmaqallar və sponsor xarakterli reklam xarakterli təqdimatlar ön planda idi.
Burada əsas məsələ hansısa veriliş formatının mövcudluğu deyil. Televiziyada əyləncə proqramları da olmalıdır, sosial layihələr də. Ancaq söhbət ölkənin informasiya təhlükəsizliyi və milli media məsuliyyətindən gedəndə, prioritet anlayışı ortaya çıxır.
Bu gün dünya mediasında milli əhəmiyyətli hadisələr zamanı telekanallar öz kommersiya maraqlarını ikinci plana keçirirlər. Çünki belə məqamlar dövlətin imicinin formalaşdığı, ölkənin beynəlxalq auditoriyaya təqdim olunduğu anlardır. WUF13 kimi forumlar yalnız şəhərsalma tədbiri deyil – bu, Azərbaycanın diplomatik, iqtisadi və strateji təqdimat platformasıdır.
Belə bir vaxtda televiziya ekranında əsas diqqətin pullu reklam elementlərinə və reytinq yönümlü emosional şoulara ayrılması istər-istəməz sual yaradır:
Xəzər TV doğrudanmı ölkənin informasiya gündəmindən bu qədər uzaq düşüb?
Yoxsa artıq bəzi telekanallar üçün ictimai maraq anlayışı kommersiya maraqlarına tam məğlub olub?
Məsələ ondadır ki, televiziya sadəcə biznes deyil. Xüsusilə ümumrespublika yayımçısı statusu daşıyan kanallar cəmiyyət qarşısında mənəvi və ictimai məsuliyyət daşıyırlar. Tamaşaçı efirdə yalnız qalmaqal və emosional manipulyasiya yox, həm də ölkənin uğurlarını, qlobal tədbirlərini və milli maraqlarını görmək istəyir.
Əlbəttə, hər kanalın öz yayım siyasəti var. Amma milli informasiya məkanında fəaliyyət göstərən media qurumu bəzən reytinqdən daha böyük anlayışları düşünməyi bacarmalıdır.
Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu dünyanın diqqət mərkəzində olduğu halda, bəzi telekanalların hələ də “kim kimi aldadıb”, “kim ailəsini dağıdıb”, “kim canlı yayımda ağladı” kimi mövzulara ilişib qalması Azərbaycan televiziyasının müəyyən hissəsinin ciddi məzmun böhranı yaşadığını göstərir.
Televiziya ictimai düşüncəyə təsir edən əsas vasitələrdən biridir. Əgər efir məkanı qlobal hadisələri deyil, yalnız sponsorlu emosional şouları önə çıxarırsa, burada artıq media siyasəti deyil, tamaşaçı zövqünün məqsədli şəkildə aşağı salınması problemi ortaya çıxır.
WUF13 başa çatdı. Azərbaycan bu forumla beynəlxalq arenada növbəti uğurlu imic nümayiş etdirdi. Amma yerli media mühitində Xəzər TV köhnə “təsir dairəsi”ndən çıxa bilmədi.































