
Mahir HÜSEYN
9 May – Faşizm üzərində Qələbə Günü uzun illərdir ki, Azərbaycanda rəsmi şəkildə qeyd olunur. Bu tarixə münasibət isə cəmiyyətdə müxtəlif fikirlər doğurur. Bir tərəfdən bu gün sovet keçmişi ilə əlaqələndirilir, digər tərəfdən isə Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın simvolu hesab edilir.
Məsələyə tarixi və milli maraqlar prizmasından yanaşdıqda, 9 Mayın qeyd olunmasının əsas səbəbi hansısa imperiyanın deyil, Azərbaycan oğullarının göstərdiyi şücaətin yad edilməsi ilə bağlıdır.
Azərbaycanın müharibədə rolu danılmazdır
İkinci Dünya müharibəsində Azərbaycandan təxminən 600 mindən çox insan cəbhəyə yollanmışdı. Onların yarıdan çoxu geri qayıtmadı. Azərbaycanlı əsgərlər Berlinədək gedən döyüş yolunda böyük qəhrəmanlıqlar göstərdilər.
General Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov kimi qəhrəmanlar yalnız Azərbaycanın deyil, bütövlükdə müharibə tarixinin önəmli simalarına çevrildilər.
Eyni zamanda Bakı nefti Sovet ordusunun əsas enerji mənbəyi idi. Tarixçilərin fikrincə, faşizm üzərində qələbədə Bakı neftinin həlledici rolu olub. Müharibə illərində SSRİ-də istehsal olunan neftin böyük hissəsi məhz Azərbaycandan çıxarılırdı.
Bu faktlar göstərir ki, 9 May Azərbaycan xalqının da tarixi yaddaşının bir hissəsidir.
Qələbə günü sovet nostalgiyası deyil
Bəzi insanlar 9 Mayın qeyd edilməsini keçmiş SSRİ-yə bağlılıq kimi qiymətləndirirlər. Lakin bu məsələyə fərqli yanaşmaq lazımdır. Çünki Azərbaycan xalqı həmin müharibədə başqa dövlətin maraqları üçün deyil, faşizm kimi insanlıq əleyhinə ideologiyaya qarşı mübarizədə iştirak edib.
Faşizmin qələbəsi təkcə Avropa üçün deyil, bütün xalqlar üçün böyük faciə ola bilərdi. Bu baxımdan 9 May yalnız sovet tarixinin deyil, ümumbəşəri qələbənin simvoludur.
Tarixini unudan xalq gələcəyini düzgün qura bilməz. 9 Mayın qeyd olunması həm də Azərbaycanın müharibədə həlak olmuş yüz minlərlə insanının xatirəsinə hörmət deməkdir.
Bu gün veteranların yad edilməsi, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və Azərbaycan xalqının dünya tarixində oynadığı rolun xatırladılması baxımından əhəmiyyətlidir.
Müstəqil Azərbaycan artıq tarixə sovet ideologiyası ilə deyil, milli maraqlar çərçivəsində baxır. Bu səbəbdən 9 Mayın qeyd olunması da fərqli məna daşıyır. Burada əsas vurğu Azərbaycan xalqının qəhrəmanlığına, Bakı neftinin strateji roluna və faşizmə qarşı mübarizədə xalqımızın verdiyi qurbanlara edilir.
Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda qəhrəmanlıq, zəfər və vətən sevgisi anlayışları daha güclü məna qazanıb. Bu günlər arasında tarixi və mənəvi bağlılıq görənlər də az deyil.
9 Mayın Azərbaycanda qeyd olunması tarixi ədalətin və milli yaddaşın qorunması kimi qiymətləndirilə bilər. Bu tarix hansısa ideologiyanın deyil, Azərbaycan xalqının müharibədə göstərdiyi igidliyin, verdiyi qurbanların və qazandığı şərəfin xatirəsidir.
Faşizm üzərində qələbədə Azərbaycan oğullarının qanı, zəhməti və Bakı nefti varsa, həmin qələbə günü də xalqımızın tarixində öz yerini qoruyub saxlamalıdır.































