SON DƏQİQƏ
» » 20 Sentyabr – xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur

20 Sentyabr – xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur

Tarix:

20-09-2025, 13:15

/ 3 704 dəfə oxundu.
20 Sentyabr – xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Dövlət Suverenliyi dedikdə, dövlətin qanunlarının, hakimiyyətinin mövcud olması nəzərdə tutulur. 1988-ci ildən sonra Azərbaycan qanunları heç bir zaman Xankəndi və digər rayonlarda işləməyib. 1989-cu il 23 sentyabr tarixində Azərbaycan SSR-in suverenliyi haqqında qanun qəbul edilsə də, bu, yalnız kağız üzərində qalmışdı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, heç bir zaman orada milli valyuta, konstitusiya, qanunlar işləməyib. Azərbaycan rəhbərlərinin Xankəndi və digər ərazilərə ayağı dəyməyib. Tariximizdə ilk dəfə suverenliyimizi bərqərar edən dövlət rəhbərimiz İlham Əliyevdir. 2023-cü ilin 19 sentyabrında başlayan və bir sutkadan da az davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi. Dövlətimizin suverenliyi bütün ərazilərimizdə bərqərar edildi. İlk dəfə olaraq Azərbyacan bayrağı Xankəndi və digər şəhər və qəsəbələrdə dalğalandırıldı. 2024-cü ildə ilk dəfə olaraq bütün ərazilərdə Prezident və parlament seçkiləri keçirildi.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış  və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm siyasi və tarixi əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir. Həm konstitusiya prinsip və dəyərlərinin möhkəmləndirilməsi, həm də milli suverenliyin tam bərpası bu ilin əsas məzmununu təşkil edir.

Qələbədən dərhal sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər bölgələrdə olduğu Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də genişmiqyaslı bərpa və quruculuq prosesi başlandı. Müzəffər Ali Baş Komandanın Xankəndi və digər şəhərlərə mütəmadi səfərləri bu prosesin dövlət səviyyəsində nəzarət altında həyata keçirildiyinin əyani göstəricisidir. Onun rəhbərliyi ilə yollar, körpülər, enerji və su infrastrukturunun yenidən qurulması, yeni məktəb və xəstəxanaların inşası, sosial obyektlərin istifadəyə verilməsi həyata keçirilir. Ən əsası isə – doğma yurdlarından didərgin düşmüş on minlərlə insan artıq Böyük Qayıdış proqramı çərçivəsində öz torpaqlarına qayıtmağa başlayır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dalğalanan Azərbaycan bayrağı bu torpaqlara həm qələbə, həm də həyat, inkişaf və quruculuq gətirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü sadəcə bir bayram deyil, həm də milli qürurumuzun, mübarizə əzminin, dövlətimizin gücünün və quruculuq iradəsinin simvoludur. Bu gün şəhidlərimizin ruhuna ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq, xalqımızın birlik və həmrəyliyinə isə böyük bir sübutdur.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər