
Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilib.
1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan Laçın rayonunun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Təbii iqlimi əsrarəngiz olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Laçın rayonu 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdir. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalaraq, hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilməklə, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edillərək rayona 7.1 milyad dollar həcmində ziyan vurulmuş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalaraq, 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. O zamankı AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinin nəticəsində yaranan özbaşınalıq və idarəetmə böhranı az sonra Kəlbəcər rayonunun da qəsbkarlar tərəfindən zəbt olunması ilə nəticələndi.
Uzun illər aparılmış məqsəyönlü siyasətin nəticəsi olaraq 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülməklə otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə başladı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına şərait yaratdı. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, Laçın rayonu həmin ilin dekabrında Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri və ətrafındakı bir neçə kənd müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətində saxlanılırdı. Bu müddətdə Azərbaycan dövləti alternativ Laçın yolunun çəkilişinə başladı və yeni yol istifadəyə verildikdən sonra, 2022-ci ilin 26 avqust tarixində Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin Laçın rayonuna mütəmadi səfərləri zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyulmuşdur. Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Beləliklə, Laçın tam şəkildə Azərbaycan dövlət suverenliyinə qovuşdu. Bu gün təkcə hərbi-strateji qələbə deyil, həm də böyük siyasi uğur kimi tarixə düşdü. Azərbaycan bütün dünyaya göstərdi ki, ərazi bütövlüyünün bərpası məsələsində güzəşt yoxdur və olmayacaq. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə 26 avqust – Laçın şəhəri günü təsis olundu. Bu qərar Laçının azad olunmasının milli təqvimdə əbədi qeyd olunmasını təmin etdi. Bu gün həm də “Böyük Qayıdış” proqramının rəmzidir – artıq sakinlər doğma yurda dönür, yeni evlər, məktəblər, sosial obyektlər inşa edilir, Laçın daha müasir və güclü bir simada dirçəlir. Laçın Qafqazın mühüm nəqliyyat qovşağıdır və ölkənin təhlükəsizlik arxitekturasında xüsusi rol oynayır. Laçın şəhəri günü isə sadəcə bir tarix deyil – o, xalqın iradəsinin, dövlətin gücünün və ədalətin təntənəsinin rəmzidir. 26 avqust Azərbaycan tarixində əbədi olaraq qürur günü kimi qalacaq.
Şəhər günün mübarək, al-əlvan Laçın!
Türkanə Mübariz































