SON DƏQİQƏ

Əlincə qalasının sirri...

Tarix:

5-08-2025, 08:21

/ 4 463 dəfə oxundu.
Əlincə qalasının sirri...

Birinci yazı: Yeralt yollar
Naxçıvan səfərini təklif edən və oranı dünyalar qədər sevən və tanınması üçün bütün gücü ilə çalışan əziz dostum Emin Tarverdiyev -lə plan quranda mənim Əlincə sirrləri barədə dediklərimi qeyd edirdi. Dostum qalaya getmək və araşdırmaq üçün bütün gücünü ortaya qoymuş idi. Naxçıvanın bütün əfsanələrinin üzə çıxarılması üçün nə qədər dəstək lazım olsa verəcəyini bildirən  dostum Eminin bir hədəfi var: Naxçıvan dünyada qədim yurd olması haqqını göstərməlidir.  Bəli, artıq biz Naxçıvandayıq və EMİN məni Əlincə qalasına, 8 yaşımdan görmək istədiyim xəyalımın yanına aparır. Yazılı mənbələrdə adı "Alıncaq”, "Alancıq” , "Əlincək” və "Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində dağ üstündə yerləşir.
Qədim türk dilində dağın təpəsi anlamını verən “alın” və qənimət anlamı daşıyan "alınc" mənaları da olmuşdur. Nuh dastanı ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətlərdə Əlincə qalanın adı keçir.
Tarixçi və səyyahlardan Asolik (928-1018), Stefan Orbeliani (1258-1304), Ən-Nəsəvi (XIII əsr), Klavixo (XV), Övliya Çələbi (XVII) və başqaları bu qala haqqında məlumat verirlər.
Hətta türk mənbələri buranı “məhbəsi mülk” adlandırıblar.
Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Əlincə adı bu ərazilərdə yaşamış Ərinçı, yəni Əlincək tayfasının adı ilə bağlıdır. Təqribən, 2 min il bundan əvvəl həmin tayfa birliyi Əlincəqalanı inşa etmiş və özlərinin təhlükəsizliyini qorumuşdur. "Kitabi-Dədə Qorqud" dastanında da Əlincə qalası möhkəm müdafiə istehkamı kimi təsvir olunur. Dastanda üç yerdı adı çəkilir.
Əlincə qalasının dağıdılmasının isə bir səbəbi var idi: “Müxaliflər Azərbaycan ölkəsini tutduqda, möhkəm yer onların sığınacaq yerinə çevrilməsin”
Mənim hədəfim isə qaynaqlarda qeyd edilən yeraltı yolların mövcud olmasını öyrənmək idi.   Azərbaycanın orta əsr şəhər və qalalarında ehtiyat üçün tikilmiş yeraltı gizli yolların olması haqqında xeyli məlumat mövcuddur.
 Orta əsr şəhər və qalaları düşmən mühasirəsinə düşdüyü zaman su, ərzaq, silah əldə etmək, son anda xilas olmaq üçün gizli yeraltı yolların varlığı böyük əhəmiyyət kəsb edirdi. Belə gizli yollar bəzi orta əsr qalalarında son vaxtlara qədər qalmışdır.
 Gülüstan qalasında, İsmayıllıda Qız qalasında, İncəçay kənarında salınmış Gülüstan qalasında, Gülüstanın bəzi şəhər və qalalarındakı gizli yeraltı yollar buna nümunədir. Qeyd edim ki, Bakı başda olmaqla digər yerlərdə  yeraltı gizli yollarda olan Mən Azərbaycanda bu yolların axtarışı ilə məşğulam və Əlincə qalasında da bunun olmasını araşdırmaq üçün zaman az olsa da təxmini yeri müəyyən etmək əsas hədəfim idi.
Qədim əlyazmalarda, məktublarda, qaynaq və yazılarda qeyd edilir ki, qaladan Əlincə çayına gizli yeraltı yollar olub. Həmin gizli yolla gedib su və ərzaq gətirirmişlər özlərinə. Qaladakıların camaatla da əlaqələri olub. Camaat köməklik edirmiş mühasirə vaxtlarında. Dörd yol olub.
1) Əlincə çayın altından
2) Xanagəha gedən yol
3) Naxçıvan şəhərinə yol
4) Haçadağa (İlandağ) gedən yol.
Hazırda o yolların yeri bəlli olsa da, orda daxil olmaq mümkün deyil. Kİfayət qədər zəhərli əqrəb və ilanlar orda məskən salıblar.
Qeyd edim ki, Əlincə qalasının bərpası zamanı yeraltı su xətləri – “kəhriz”lər aşkar olunmuşdu ki, onların altı birbaşa çıxış yolu idi.
Əlyazmalara inansaq Qalanın daşla hörülmüş qapısı var.  Məsafələri düzgün qurmaqla 4 ədəd şam yandırmaqla  divarın cənub-şərq tərəfindən qalanın qalan hissəsinə keçmək üçün dar you müəyyən etmək olar. Dörd yolun içərisinə düşmək üçün 200 metrlik dar keçidi keçmək lazımdır. Sonra isə tunelə düşürsən və tunelin içərisində yolu nəzarətdə saxlamaq və ötürmə üsulundan istifadə edərək xırda gözətçi yerləri düzəldilmişdir.
Yerli sakinlərdən orda eşitdiyim bəzi rəvayətlərə görə, bu tunellər eyni zamanda Qalanın altında  yeraltı şəhərə də aparır ki,  düşmən hücumları zamanı qala sakinlərinin sığınacaq tapdığı bir yer olmuşdur. Bəzi mənbələr yazır ki, bu qalada Atabəylər dövlətinin, Əmir Teymurun və ondan öncə də mövcud olan dövlətlərin xəzinələri yerləşib. Rusiya imperiyası və sovet dövründə bir neçə dəfə gəlib burada xəzinə axtarıblar, amma heç nə tapa bilməyiblər. Ehtimal edilir ki, bu dörd yeraltı yollardan biri həmin xəzinələrə aparan yoldur. Onu da mifik güclər qoruyur.  Bəzi ehtimallara görə də məhz xəzinələr də bu yeraltı mifik şəhərdə gizlədilir.
Əlincə qalasının divarlarında və yeraltı tunellərində çoxlu sayda sirli yazı və işarələr vardır. Bu yazıları zaman az olduğu üçün tam təhlil etmək mümkün olmadı. İnşallah daha böyük zaman və texniki avadınlıqlarla ora səfər edəndə bu yazılar vasitəsilə yeraltı şəhər, yollar və tunellərə gedən yolu müəyyən etməyə cəhd edəcəm. Qeyd edim ki, Oğlanqala və Qazançı qalasının da tikilişi məhz Əlincə formatında olub.
Hədəfim bəllidir. İlk səfərimdə təxmini yeri xəritələr üzərində qeyd edilən və əlyazmalarda yazılan yerləri müəyyən etmək idi. Daha hazırlıqlı və uzun müddətli səfərimdə isə o tunellər, yollar və yeraltı şəhərə keçidləri tapmaq hədəfim olacaq.
Davamı:
1) Əlincə qalasında hansı xəzinələr var
2) Əlincə qalası Rusiyanı yer üzündən silinməsinin qarşısın necə aldı

İİ Yazı:

 Əlincə qalasında üsyan Rusiyanı məhv olmaqdan necə xilas elədi?
Rusiya Pravoslav Kilsəsinin arxivlərində əksər sənədlər var ki, onların təhlili və araşdırılmasına şərait yaratmırlar. Lakin əksər kilsə xidmətçiləri və Rusiyada pravoslavlığın tarixini araşdıran  1395-ci ildə Əmir Teymurun Rusiya torpaqlarına yürüşü və son anda Naxçıvanda yerləşən Əlincə qalasında baş verən üsyanın onların dövlətçilik tarixini xilas etməsini etriaf edirlər.
Ptolemeyin əsərində  ‘Αλινζα adlı 2 şəhərin koordinatları verilir; hər ikisi də Ekbatanadan qərbdə yerləşirdi. Hələ XIX əsrin sonunda F.Andreas və M.Ştrek onlardan birini Aşşur mətnlərindəki Elenziaş (və ya Araziaş) şəhərilə eyniləşdirmişlər.Digərini isə Naxçıvandakı Əlincə ilə eyniləşdirmək olar.  Həmdullah Mustovfi “Nüzhətül-qülub” əsərində yazır: “Naxçıvanda bir neçə möhkəm qala mövcuddur: “Əlincəq” qalası, “Surmari”, “Toğmər” və “Fəğan” qalaları”
*****
1370-ci ildə Mərkəzi Asiyada Teymurilər dövlətinin əsasını qoyan Əmir Teymur sonrakı illərdə Xarəzm, Şərqi Türküstan, İran, Azərbaycan, Dehli Sultanlığı, İraq, Suriya, Qızıl Orda Dövləti və Osmanlı İmperiyasına məxsus torpaqları ələ keçirdi.
Ərəb tarixçi Əhməd İbn Məhəmməd ibn Ərəbşah Əlincə qalası barədə maraqli məlumat vermişdir: “Hicri 785-ci ildə Teymur Təbriz şəhərini qarət etdi və qoşunun bir hissəsini Əlincə qalasına doğur göndərdi. Əlincə qalası qartalların uça biləcəyi yüksəkliklərə qədər ucalan bir qala idi. Orada sarayların başı ulduzlara qədər ucalmış və qala düşmən hücumlarından tam amanda qalmışdır. Teymur bu qalanı on iki il mühasirədə saxladı”
Əmir Teymurun qoşunları 1386-1401-ci illərdə qalaya 4 dəfə yürüş etmişdir. Lakin qala müdafiəçiləri Əlincəqalanı mərdliklə qorumuşlar. Əmir Teymur 14 il ona müqavimət göstərən qalanın möhtəşəmliyinə heyran qalmışdır.
Əmir Teymurun Hindistan səfəri dövründə Azərbaycanda, eləcə də Cənubi Qafqazın bir çox yerlərində müstəqillik uğrunda mübarizə başlandı. Yerli hakimlər teymurilərə itaət etməkdən boyun qaçırdılar. Bu zaman Əlincə qalasının müdafiəçilərinə köməyə gələn Şəki və Gürcü hakimləri teymurilərə qarşı onlara kömək etdilər və hətta bir çox hallarda qələbələr də əldə etdilər.
 Bu dövrlərdə Azərbaycana hakim olan Miranşah elə bir siyasət həyata keçirirdi ki, yerli hakimlər və xalq kütlələrinin ciddi narazılığına səbəb olurdu.
Hindistandan Səmərqəndə qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən Azərbaycanda və xüsusilə Əlincəqaladakı vəziyyət barədə məlumat alır və Səmərqəndə çatandan cəmi 4 ay sonra təcili buraya yollanır. Əlincəqalaya 5 – 6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Onun kutvalı Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna aparılır və öldürülür.
Hətta Əmir Teymur bir müddətlik Əlincəni ələ keçirə bilmişdir və şəxsən Əlincəyə qalxmışdır. Onun oğlu Miranşah qalanı ala bilməyib əsla.
Aleksey Artemyev https://www.pravoslavie.ru/ saytında araşdırmasına yazır: “1395-ci ildə, demək olar ki, bütün Kiçik Asiyanın və Qafqazın bu nəhəng fatehi Rusiyaya yürüşə başladı. Ryazan sərhədlərinə çatdı, Yelets şəhərini dağıtdı və Moskvaya doğru irəliləyərək Donun yuxarı axınına yaxınlaşdı. Vasili Dmitrieviç cəsarətlə Moskva ordusu ilə düşmənlə görüşmək üçün Kolomnaya getdi, lakin hər kəs qüvvələrin çox qeyri-bərabər olduğunu başa düşdü”
16 avqust tarixində Moskva mühasirəyə alınır. Bütün şəhər əhalisi başda knyaz Vasili Dmitreviç olmaqla  ağ kəfən geyinib boyunlarından qılınc asıb 10 gün ərzində Mariya İkonası qarşısında  diz çəkərək " Ey İlahinin anası, rus torpaqlarını xilas elə" deyə dua edirlər. Ruslar artıq hər şeyin bitdiyini və məhv olacaqlarına tam əmin idilər ki.
26 avqust 1395-ci il 26 avqustunda şəhərə hücum  əmri verilməzdən əvvəl Əmir Teymurun çadrına çapar gəlir və ordu dərhal yığışıb geri dönürlər.
Ruslar indiyə qədər bunun Mariya İkonasının gücü olduğuna inansa da əsl səbəb Azərbaycanın Naxçıvan bölgəsində Əmir Teymurun oğlu Miranşahın mühasirədə saxladığı Əlincə qalasında Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə üsyanın başlanması və Teymur ordusuna ağır zərbə vurması olur. Məhz Azərbaycanda başlanan üsyanın yatırılmasını Moskvanın işğalından üstün tutan Əmir Teymur geri dönür. O gündən bəri Rusiya zamanla güclənərək işğalçı imperiyaya çevrilir.
Əksər zaman sual verirlər ki, niyə məhz Əlincə, niyə məhz Azərbaycan coğrafiyası Əmir Teymur üçün önəmli idi?
Bunun sadə cavabı var:
 Mənbələrdən bəlli olur ki, təkcə 1387-1392-ci illərdə Azərbaycana və onun paytaxtı hesab edilən Təbrizə 17 dəfə hücum edilmiş və 14 hücumun nəticəsində şəhər əldən-ələ keçmişdi. O dövrdə Azərbaycana sahib olmaq həm də dünyaya nəzarəti əldə saxlamaq idi. Buna görə də Azərbaycana olan hücumların ardı-arası kəsilmirdi. Bu o zaman idi ki, hələ dəniz  ticarəti mövcud deyildi.
Quru ticarəti isə Azərbaycansız mümkün deyildi.
Əlincə qalasının əhəmiyyəti barədə Həsən Rumlu “Əhsənüt-təvarix” əsərində Əmir Teymurun oğlu və mirzəsi  Şeyx Ömərin adından belə qeyd edir:
“Müxaliflər Azərbaycan ölkəsini tutduqda, istəmədim ki, o möhkəm yer onların sığınacaq yerinə çevrilsin. İndi isə bu irsi məmləkət sizin kimi sultanın əlinə keçmişdir, əgər fərman etsəniz, oranı iki gün ərzində abad edərəm”
Prof.Dr.Zaur ƏLİYEV
скачать dle 12.1

Şərhlər