SON DƏQİQƏ
» » Bu qanun bələdiyyələrin fəaliyyətinə TƏKAN VERƏCƏK - RƏY

Bu qanun bələdiyyələrin fəaliyyətinə TƏKAN VERƏCƏK - RƏY

Tarix:

26-02-2024, 18:02

/ 4 816 dəfə oxundu.
Bu qanun bələdiyyələrin fəaliyyətinə TƏKAN VERƏCƏK - RƏY

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev parlamentə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcəyini bildirib.
Deputat “Report”a açıqlamasında qeyd edib ki, kiçik bələdiyyələr maliyyə bazası olmayan yerli idarəetmə orqanları kimi özlərini doğrultmurlar.
Onun sözlərinə görə, kiçik bələdiyyələrin fəaliyyəti vətəndaşları qane etmir və bələdiyyələr haqqında mənfi fikir formalaşır:
“Bir çoxları deyirlər ki, bu qurum əhəmiyyətsiz, heç bir işə yaramayan qurumdur və ləğv olunmalıdır. Əslində, bələdiyyələr bu günümüz üçün vacib olan demokratik təsisatdır. Ancaq onların fəaliyyəti yüksəldilməlidir”.
Milli Məclisin üzvü əlavə edib ki, bələdiyyələrə daha səriştəli, bilikli, bu sahədə bacarığı, təcrübəsi olan insanlar gəlməlidirlər:
“Bu günədək ölkədə bələdiyyələrin birləşməsi, ləğv edilməsi prosesi baş verib. Bu islahatların müsbət nəticələrinin də şahidi olmuşuq. Ancaq hələ də onların sayı çoxdur. Əhalisi Azərbaycan qədər olan bir sıra ölkələr var ki, orada 250-300 bələdiyyə fəaliyyət göstərir. Əgər bu gün hər hansı bir kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik olmayan, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edə bilmir və insanlarla münasibət qurmağı bacarmırsa, onun fəaliyyəti heç kimə lazım deyil. Ona görə də hesab edirəm ki, bələdiyyələrin sayı azaldılmalıdır. Biz bu il ölkə olaraq bələdiyyə seçkilərinə gedirik. Əlbəttə, bu prosesin baş verməsi seçkilərin daha şəffaf, demokratik, mütəşəkkil keçirilməsinə imkan verəcək”.
T.Rzayev vurğulayıb ki, Milli Məclisə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsi bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcək:
“Bəzən bu proses bələdiyyələrə etimadsızlığın bir nəticəsi kimi qiymətləndirilir, lakin belə deyil. Belə ki, bir çox xarici ölkələrdə bələdiyyə institutları ilə yaxından tanış olmuşuq. Həmin ölkələrdə də bundan əvvəl kiçik bələdiyyələr olub, lakin sonradan birləşdirilərək böyük bələdiyyələr, assosiasiyalar, regional bələdiyyələr kimi formalaşdırılıb və qənaətbəxş nəticələr əldə olunub. Düşünürəm ki, Azərbaycanda da sözügedən proses, bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ