SON DƏQİQƏ

Ustad Şəhriyarın ruhuna

Tarix:

14-02-2024, 14:33

/ 3 728 dəfə oxundu.
Ustad Şəhriyarın ruhuna

Şair- jurnalist İlyas Qəmginin-  Allahverdiyevin
" Həkəri" poeması
Ustad Şəhriyarın ruhuna.
ixtisarla


Ay Həkəri , bir nəğmə de dilindən,
Dəstə bağla yarpızından , gülündən.
Yaz gələndə şəlaləndən , selindən,
Nə xəbər var , al - əlvanlı Həkərim?
Dəliqanlı, şəlaləli  Həkərim.

Elə bilmə kövrəlmişəm, solmuşam,
Şair kimi qovrulmuşam, dolmuşam.
Ona borclu , sənə möhtac olmuşam,
Muğam üstə  mahnı bəslə Həkərim,
Axşam , səhər məni səslə , Həkərim.

Ötən quşlar bizim səmtə uçurmu?
Bərq vuraraq yaxalarda saçırmı?
Qızıl balıq çayda üzüb qaçırmı ?
Darıxıram bir görəydim üzünü,
Danışaydım  sənə sözün düzünü.

Yazıların zümrüd bağla düzənib,
Əyri yollar dağ - dərəyə düz enib.
Qız- gəlinlər al qumaşa bəzənib,
Məhəbbətdən söz salaram , Həkərim,
Yan - yörəndə nə qalaram, Həkərim.

Xanlıq kəhkəşanım, Qubadlım andım,
Ayılıb , sayılıb  hər anda sandım.
Bir namərd oduna alışıb yandım,
El sənə qovuşub dönsün Həkərim,
Qəmli nəğməsiylə dinsin, Həkərim.

Bir yanın Seytazdır, bir yanın Araz,
Bir yanın Ziyarət , bir yanın bəyaz.
Bir yanın Əyindir, bir yanın atlaz,
Qızıl daşdan baxsan Tumas bürünür,
Qartal  qanadında atlas görünür.

Ballı qaya demə balın xətrinə,
Yatım qalım tər çiçəyin ətrinə.
İsti olsa bürünərəm çətrinə,
Tarixim, tarixçəm əzəl deyilmi?
Laçın qayalarım  gözəl deyilmi?

Söz deməsəm küsər Bərgüşad məndən,
Bilirəm inciyər, ayrılıq nədən?
Bilin ki, anadan olan bir gündən,
Pənahım sizədir, siz axın, axın,
Bu qoşa gözümlə hey sizə baxım.

Qoca nənəm bizə torba tikərdi,
Kitabları qəşəng- qəşəng bükərdi.
Bic uşaqlar sapın dartıb sökərdi,
Çiynimizdə coşğun çayı keçərdik,
Çaya baxıb keçalatı seçərdik .

Dəftər tapıb , birindən borc alardıq,
Bir neçə gün ona borclu qalardıq.
İmla yazıb , 4- dən, 5 - dən alardıq ,
Anam oğul- deyib , özün öyərdi,
Nənəm beş qiymətə sağ ol deyərdi.

Yaz gələndə yaylaqlara köçərdik,
Bəri başdan ocaq yeri seçərdik.
Alaçığa kiçik arx da çəkərdik,
Yağan yağış xarımlara axardı,
Süzülən yağışa hamı baxardı.

Yadımdadır, dağa-  daşa qalxardıq,
Nehrə tutub bir yanından çalxardıq.
Kərə yağı dürmək tutub saxlardıq,
Qamış atı sürüb - çapıb süzərdik,
Ötən qıza baxıb dodaq büzərdik.

Dərsdən sonra meşələrə gedərdik,
Odun yığıb tez tədarük edərdik.
Eniş - yoxuş , yavaş- yavaş çəkərdik,
Kərmə yığıb onu yerdən üzərdik,
Qalaqlayıb neçə taya düzərdik.

Araz özü deyər sözün, düz sözün,
İrəvan danışar deyər öz sözün .
Olubmu düz sözün , ay namərd, üzün,
Haram olsun dağın abı havası,
Görüm tez dağılsın daşnaq yuvası.

Soyqırımı bax erməni törədib,
Car çəkərək o da ört - basdır edib.
Elə bilir işi bununla bitib,
Ayıl dinlə, fani dünya , bir məni,
Genosidi törədibdi erməni.

Çalmalı dağların zümrüd kəməri,
Nəbinin Bozatı, dolan qəməri .
Aynalı əlində dağların əri,
At döşündə siz də çatın  nadanı,
Hiyləgər daşnakı,.satqın gədanı .

Zəngəzur mənimdir, dağlar dağımdı,
Səfoğlu babamdır, Göyçə bağımdı.
Arpa çayı solum, Tərtər sağımdı,
Araz desin , Ağrı dağı kimindir?
Vedi dinsin, Dilcan dağı kimindir?

Heydər baba, ötür diyarba diyar,
Dillərdə dastandır sözün Şəhriyar!
Ay dünya şöhrətli, sənsən Bəxtiyar,
Kaş Vurğun, Süleyman bir sağ olaydı,
Gah Bakıda , gah Təbrizdə qalaydı.

Elə bil , mən görən dağlar deyilmiş,
Dağlar görən niyə yana əyilmiş?
Tanrı! Bəlkə bu əzəldən beləymiş,
Ermənilər bizim dağa dolanda,
Hiylə artdı, onlar dağda qalanda.

Artsaq! Artsaq- deyib cır- cır  çığırır,
Genosid - deyibən yalan bağırır.
Həkərim çatlayıb məni çağırır,
Aşıq Alı , deyim bizə nə qaldı,
Aşıq Ələsgərin qəbri talandı.

Nahaq qanlar yer üzünü alıbdı,
İmperiya bizi dərdə salıbdı.
Bircə əlac tək Allaha qalıbdı,
" Heydər baba" haray salsın o tayda,
İlyas! Birləşmiş, haray salaq bu tayda.

İlyas müəllim bu poemanı söyləyərkən çox kövrələrdi.
Fotolar məni sanki atalı, analı dünyama qaytarır.
Ruhları şad olsun vətən deyib dünyadan köçənlərin.
Təqdim etdi: Rauf İlyasoğlu
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ