Elm və Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Laçında Bayraq yürüşü keçirilir. 2014-cü ildən etibarən keçirilən Bayraq yürüşü bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir.
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Laçında keçirilən yürüşdə Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi Bayraq yürüşü təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.