İndi mənəvi aydınlıq zamanıdır. Mən hər bir hökuməti düzgün addım atmağa - HƏMAS-ı qınamağa və İsrailin yanında olmağa çağırıram.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X hesabında yazıb.
“İsraillilər ailələri ilə birlikdə Sukkot bayramını qeyd edərkən HƏMAS qəsəbələrimizi zəbt, şəhərlərimizə isə raketlərlə hücum etdi. İnsanları evlərində öldürdülər, çoxlarını qaçırdılar. Hələ hücum bitməyib. İsrail müharibədədir. Əslində, HƏMAS gözlənilməz heç nə etmədi. Onlar illərdir yəhudilərə qarşı soyqırıma çağırış edirlər. Bu hətta onların nizamnaməsində də var”, - deyə səfir vurğulayıb.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.