SON DƏQİQƏ
» » Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmarıq

Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmarıq

Tarix:

31-03-2023, 09:14

/ 2 863 dəfə oxundu.
Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmarıq

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları həmişə faciələrlə nəticələnib. Xariici dövlətlərin siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan ötən əsrin əvvəllərində Azərbaycanda miqyas etibarilə daha böyük soyqırımlar törədib. Bir atalar sözünü xatırlayıram: "Ayağıma yer edim, gör sənə nə edirəm”. Yox yerdən dövlətə malik olan Ermənistan daha çox ərazilər əldə etməklə, sərhədlərini genişləndirməklə, bununla da Azərbaycanın torpaqlarını hissə-hissə mənimsəməklə "Böyük Ermənistan” qurmaq istəyirdi. Bu niyyəti ötən əsrin əvvəllərində daha da genişlənən Ermənistan siyasi niyyətinə həm də etnik təmizləmə, deportasiya və soyqırımları ilə nail olmaq istəyirdi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri şəraitdən istifadə edərək xüsusi qəddarlıqla kütləvi qırğınlar törətdilər, Bakıda, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə azərbaycanlını qətlə yetirdilər, yaşayış məntəqələrini dağıtdılar, mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtdılar. Bu, vandalizm idi və təəssüflər olsun ki, indiyəcən dünya dövlətləri, beynəlxalq təşkilatlar ona ciddi siyasi münasibət bildirməyib. Vandalizm Bakı və Bakı quberniyası ilə məhdudlaşmadı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilirdi.

1918-ci il mart soyqırımı təşkilatlandırılmış şəkildə həyata keçirilirdi. "Daşnaksutyun” partiyasının rəhbərliyi ilə yerinə yetirilən qırğınlar martın 31-də başladı.

1918-ci ili martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirdilər. Bu qırğınlar soyqırım idi. Milli mənsubiyyətə istiqamətləndirilmiş bu soyqırımda  soyqırımında azərbaycanlılarla yanaşı minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanlar da qılıncdan, süngüdən keçirildi, diri-diri yandırıldı, neçə-neçə milli memarlıq abidəsi  məktəb, xəstəxana, məscid dağıdıldı.  

Azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdi. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edir, qarşılarına çıxanları, hətta evində daldalananları qətlə yetirirdilər.

Şamaxının 72 kəndində ermənilər 7 min nəfəri, o cümlədən 1653 qadını və 965 uşağı öldürdü. Bu faciənin tədqiqi məqsədilə  1918-ci il iyulun  15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlarla müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Quba qırğınları zamanı şəhərdə  2900-dək, Quba qəzasında 4000 nəfərdən artıq insan öldürülüb. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb. Ermənilər əhalini qırmaq üçün təkcə odlu silahlardan istifadə etməyib, həm də küt alətlərdən də istifadə edib. Əksəriyyəti baş nahiyəsinə balta ilə vurularaq qətlə yetirilib, xəncərlə başı bədənindən ayırılıb, neçəsi başına vurulan mismarla öldürülüb. Xüsusi qəddarlıqla öldürülənlər su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıldı.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.  Fərmanda  deyilirdi:  "Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etdi.

Ermənilik niyyəti ötən əsrin sonlarında da baş qaldırdı. Yüz minlərlə soydaşımız Ermənistandan deportasiya edildi, həmin vaxtlarda minlərlə uşaq, qadın, qoca Ermənistanda qətlə yetirildi. Ermənistan az sonra Azərbaycana qarşı elan etmədən müharibəyə başladı, döyüşlərdə minlərlə döyüşçü, dinc əhali şəhid oldu, dünyəvi dövlətlərə xas olmayan xarici siyasəti ilə tanınan Ermənistan işğal etdiyi torpaqlarımızı 30 il işğalda saxladı. İşğal müddətində yüz minlərələ mina basdırdı. İkinci Qarabağ müharibəsindən sonra da minalar Azərbaycan hərbçilərinin, quruculuq işlərinə cəlb edilmiş vətəndaşların ölümünə səbəb olur. Bu da bir başqa formatda soyqırım niyyətidir...

Bu Fərman tarixin gizlin qalan hadisələrinin üzə çıxarılmasında olduqca səmərəli oldu. Bunun sayəsində Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. 1918-ci ilin mart-aprel aylarında,  sonrakı dövrlərdə erməni millətçilərinin törətdiyi soyqırımın daha geniş əraziləri əhatə etdiyi, faciə qurbanlrının daha çox olduğu təsdiqləndi.

2007-ci ilin aprelində Quba stadionu təmir edilirdi. Qazıntı işləri aparılanda kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan cəsədlərin üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın kəlləsi idi. Onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu təsdiqləndi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına qərar verdi.  Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edildi, 2013-cü il sentyabrın 18-də açıldı. 5 hissədən ibarət olan kompleksin ümumi sahəsi 3,5 hektardır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışında dedi: "1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”.

Ermənilər Şamaxı qəzasının 58 kəndini, Quba qəzasının 122 kəndini, İrəvan quberniyasının 24 kəndini, Qars vilayətinin 92 kəndini dağıtmışdı. İrəvan quberniyasında yaşayan azərbaycanlıların sayı 1916-cı ildə 375 min nəfər idi, 1922-ci ildə 70 min nəfər olmuşdu. Bu, erməniliyin nə olduğunu təsdiqləyən faktlardandır.

Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Bu sərəncam soyqırımın 100 illiyinin tarix kimi xatırlanmasını təmin etdi...

Tarix heç zaman unudulmur. Belə tarixlərin mühafizəkarı dövlətdir.

Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmuruq, unutmarıq.

31 Mart azərbaycanlıların soyqırım günü hamımızın eyni amalın icraçısı olmağı tələb edir. Bu tələbi sədaqətlə yerinə yetiririk...

Dövlətçiliyimizlə bağlı hadisə və faktları heç birimiz unutmarıq Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ