SON DƏQİQƏ

Lev Tolstoyun ulu babası... türk idi

Tarix:

14-12-2022, 13:04

/ 2 192 dəfə oxundu.
Lev  Tolstoyun ulu babası... türk idi

Vaxtilə qələmə aldığım bir sıra yazılarda türk kökənli rus sərkərdə, alim və yazıçılar  barədə məlumat vermişəm. Qəribədir, bəzi rusbaşlılar nədənsə bu mülahizələrdən qısqanıb, qeyzlənib və ortada tutarlı  faktların olmadığını yazıblar. 

Bəribaşdan deyim ki, mənim bu konuda olan fikir və yazılarım məhz rus mənbələrinə söykənib.

Bəli, vaxtilə yazmışam ki, Fyodor Dostoyevski əslən türkdür, özü də Aslan Mirzə (Murza) Çələbi nəslindəndir. Çələbilər (yəni Dostoyevskinin ulu babaları) Qızıl Ordanın nüfuzlu başçılarından olmuşlar. Bu, mənim "kəşfim” deyil, ruslar özləri bu deyilənləri  əsaslandırıblar. Məsələn, Rus tədqiqatçısı  V. Arsenyev 1934-cü ildə Afinada dərc edilən "Novika” məcmuəsində Dostoyevskinin şəcərəsini təqdim edərkən onun nəsil-nəcabatı haqda da məlumat verib. 

İvan Turgenev də türk kökənli yazıçıdır. Bunu ədib özü də yaxşı bilirdi və ilk yazılarını "Mirzə Turgen” imzası ilə dərc etdirmişdi.

Hər iki yazıçı dünyaca məşhurdur və əlbəttə, heç kəs onların "rusluğunu” əlindən ala bilməz.

Bildiyimiz kimi, 19-cu yüzilliyin üç dahi sənətkarı digər həmkar və əsrdaşlarından yaradıcılıq diapozonunun  genişliyi ilə  fərqləniblər. Bu məşhur "üçlüyə”  Tolstoy, Turgenev və Dostoyevski daxildir.

Dediyim kimi, artıq iki görkəmli sənətkarın soykökü haqda rus mənbələrinə isnadən və istinadən öz mülahizələrimi vaxtilə Azərbaycan və rus dillərində çap etdirmişəm.
Bəs Tolstoyun soykökü barədə nə bilirik?

Dahi yazıçının özü və onun tədqiqatçıları dəfələrlə qeyd ediblər ki, Tolstoy əslən knyaz Qlinskilər nəslinə mənsubdur.
Bəs Qlinskilər nəslinin özü barədə nə demək olar?  Məsələ burasındadır ki, Qlinskilər   Qızıl Orda hakimi Mamay xanın (1335-1381) törəmələridir. Mamay əslən xan nəslinə mənsub olmayıb. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra Mamay öz yaxın qohumu Berdi bəyin dəstəyi ilə (o, Berdi bəyin bacısı ilə evlənmişdi) hakimiyyəti ələ almış, Qızıl Ordanın möhkəmlənməsində misilsiz işlər görmüşdür. Mamay xanın övladlarından biri Mansur xan idi. (Məçhur general Aleksandr Mansurov da məhz həmin Mansu xanın törəmələrindəndir).  Tarixdə Mansur Kiyatoviç kimi tanınan knyazın nəslinin bir qolunu Qlinskilər təmsil edirdi. Qlinskilər nəslinin ən məşhur nümayəndəsi Mixail Lvoviç Qlinski olmuşdur. Mixail Qlinskinin bacısı qızı Yelena Qlinskaya  isə 4-cü İvan Qroznının anası olmuşdur. 

Tolstoyun ulu babalarının  məşhur  Qlinskilər nəsli ilə eyni kökdən olmaları tarixi faktdır. (Yeri gəlmişkən orasını da deyim ki, Tolstoyla Puşkinin də qohum idi, ana xətti ilə onların ulu babası admiral İvan Qolovin idi).

Bir daha vurğulayıram Tolstoy rus yazıçısıdır. Amma tarixin qatlarına baş vurduqca bəzən gözlənilməz hadisə və faktlarla qarşılaşırsan.

Deyilənlərə qısa rezumə olaraq bunu demək olar: Turgenev, Dostoyevski və Tolstoyun ulu babaları Qızıl Ordanın əsasını qoyan türk (tatar) xanlarından olub. Zaman keçdikcə bəzən nəsillər arasında da uçurumlar yaranır. Hər üç yazıçının taleləri kimi, həyat və yaradıcılıqları da bir-birindən fərqli olmuşdur.

Turgenev daha çox qətbpərəst idi və ömrünün böyük bir hissəsini Fransada yaşamışdı. 
Dostoyevski  daha çox "rusçu-millətçi” kimi tanınır. Digər xalqlara, xüsusən türklərə,  yumşaq desək yuxarıdan aşağı baxırdı. Məsələn, o deyirdi ki, tatarları ya ruslaşdırmaq, ya da məhv etmək lazımdır.

Tolstoyun yaradıcılığında ümumbəşəri, insani dəyərlərə daha çox üstünlük verilirdi. O, bütün ömrü boyu doğulduğu kənddə yaşamışdır.
Bax belə... Dünya qəribəliklərlə doludur.


  Firuz Mustafa
Əməkdar İncəsənət Xadimi
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ