
Bakteriyalar və süni intellekt ilə ekspertizada inqilab yaşanır.
Alimlər bir insanın meşədə, çimərlikdə, şəhərdə, hətta hansı metroda olduğunu müəyyən etmək üçün "Microbiome Geographic Population Structure" qısa adı ilə "mGPS" texnologiyasını elan etdilər. "mGPS" texnologiyası dünyanın 18 ölkəsində şəhərlərdən, torpaqdan, sudan və digər mənbələrdən toplanmış müxtəlif mühitlərdəki mikroorqanizmlərin tərkibinə dair böyük həcmli məlumatlar üzrə təlim keçmiş süni intellekt sistemidir. Məsələn, Honq-Konqda alimlər nümunələrin götürüldüyü seçilmiş metro stansiyasında olmuş insanı 82 % dəqiqliklə müəyyən etməyi bacarıblar. Hətta "mGPS" bir insanın cəmi 172 metr uzaqlıqdakı dayanacaqdan ora gəldiyini uğurla təyin edib. Elmi inkişafın həmmüəllifi isə bildirir: "Bu hələ başlanğıcdır. Mikrob lokalizasiyası məlumatlarının həcmi artdıqca, məhkəmə-tibbi ekspertizasında növbəti inqilab yaşanacaq. Məhkəmə ekspertləri cinayət yerində şübhəli bir cinayətkarın olmasını təsdiqləmək və ya istisna etmək üçün mikrobiota nümunəsini qiymətləndirəcəklər."






























