
Bakının Binəqədi rayonu, İncəçay küçəsində baş verən dəhşətli hadisəsinin təfərrüatı məlum olub.
GunAz.az-ın əldə etdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Məlumata görə, 1968-ci il təvəllüdlü Rafət Həsənov ailəsindən boşanıb və evi tərk edib. Evdə onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ceyran Həsənova və iki övladı (Bir oğlan, bir qız - red.) qalırmış. R.Həsənov bir neçə dəfə evə qayıtmaq istəsə də, qadın və iki övladı buna razılıq verməyiblər.
Bu gün günorta saatlarında övladlarının işdə olmasından istifadə edən R.Həsənov evə gəlib. O, C.Həsənovanın əl-qolunu zəncirlə bağlayaraq xüsusi amansızlıqla döyüb. R.Həsənov daha sonra qadını qətlə yetirib, evə gələn qaz xəttini açaraq qapı və pəncərələri bağlayıb.
O, bunun ardınca həyətə çıxaraq, oğluna məxsus BMW markalı avtomobilə od vurub, daha sonra həyətdəki yarımtikilidə özünü asıb. BMW markalı avtomobil yanarkən evə od düşüb və partlayış olub. Hadisə zamanı evə bitişik olan qonşu mənzil də tamamilə yanıb.
Məlumata görə, qətlə yetirilən C.Həsənova dərzi işləyirmiş.(Oxu.az)
































