Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
GunAz.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Lyublyana şəhərində Sloveniyanın qonağı olacaq. Qarşılaşmanı macarıstanlı referi Ferents Karako idarə edəcək.
Bu, De Byazinin rəhbərliyi altında ilk yoldaşlıq matçı olacaq. Digər tərəfdən, Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.
Komandaya noyabr ayındakı 3 oyun üçün 29 futbolçu dəvət olunub. Həmin siyahıda heç bir legioner yer almayıb. Sloveniya ilə duel yığmanın Millətlər Liqasındakı qarşılaşmalarına hazırlıq məqsədi daşıyacaq.
Milliyə ilk dəfə çağırılan "Qarabağ"ın hücumçusu Musa Qurbanlının, Neftçi"nin müdafiəçisi Mert Çelikin və "Sumqayıt"dan Xəyal Nəcəfovun Sloveniya ilə matçda debüt edəcəyi ehtimal olunur.
Əvəzində "Sabah" klubunda çıxış edən yığmanın aparıcı futbolçusu Bəhlul Mustafazadə zədə səbəbindən ilin son matçlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, noyabrın 17-də Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.