SON DƏQİQƏ

Ayrıca kino adası olan Rasim Ocaqov

Tarix:

10-08-2023, 21:30

/ 3 145 dəfə oxundu.
Ayrıca kino adası olan Rasim Ocaqov

Redaksiyadan

Azərbaycan kino tarixində əvəzsiz operator, rejissor, ssenarist olan, kinomuzun inkişafı üçün böyük, tarixi işlər görən, Azərbaycanın və Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Rasim Mirqasım oğlu Ocaqovun 2023-cü ilin noyabr ayının 22-də 90 illik yubileyidi. Əlbəttə, bu yubiley dövlət səviyyəsində yüksək formada keçiriləcək. Çünki belə fenomen sənətkarları heç vaxt unutmaq olmaz. Xalqımız onları daha yaxşı tanımalıdır.
Azərbaycan Milli Kinosunun 125 illiyi və Rasim Mirqasım oğlu Ocaqovun 90 illik yubileyi ilə əlaqədar avqust ayından başlayaraq, saytımızın səhifələrində məşhur rejissor, operator, ssenarist Rasim müəllimə həsr olunmuş yazıları çap edirik. Bütün yazarlardan və sənət adamlarından xahiş edirik ki, Rasim Ocaqovla bağlı yazılarını, xatirələrini bizim saytın emailinə, ya da Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun emailinə[email protected] göndərsinlər və biz həmin yazıları çap edək.
   Ayrıca kino adası olan Rasim Ocaqov
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvoludur”.
Azərbaycan Milli Teatrımızın, Milli Kinomuzun karifeylərindən biri, çox böyük sənətkar, Azərbaycan incəsənətinə öz adını qızıl hərflərlə yazmış, gözəl pedaqoq, yüksək təşkilatçı insan, Xalq artisti Şəfiqə xanım Məmmədova teatr və kino aləmində çoxlu rejissorlarla işləyib. Amma bu rejissorlardan elələri var ki, Şəfiqə xanım onları həmişə böyük hörmətlə yad edir. Bu rejissorlardan biri də Xalq artisti Rasim Ocaqovdur.
Şəfiqə xanım onun haqqında mətbuatda belə bir maraqlı müsahibə verib. Biz həmin müsahibəni bəzi əlavələrlə çap edirik:
“Bir vaxtlar Azərbaycan Milli Kinosunun özündə elə bil ayrıca “kino adası” vardı - “Ocaqovun kinosu” var idi, var və o həmişə yaşayacaq adadır. Sanki özü üçün yaratmışdı o aləmi, o kino dünyasını Rasim Ocaqov. Öz ssenaristləri ilə, öz sevimli aktyorları ilə, öz bəstəkarları ilə, yaradıcı heyəti ilə və bu aləm sözün əsl mənasında onun əsl həyatı idi. O, başqa həyatı özü üçün istəmirdi. Çünki bu həyat onu yaxşı mənada əsir eləmişdi.
Və mən özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda var idim. Mən onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm. Bir yerdə yaşadıq o
uğurları - “İstintaq” filminə görə SSRİ Dövlət Mükafatına, “Ad günü” filminə görə isə Azərbaycan Dövlət Mükafatına laiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər və gözəl illər kimi yadda qalacaq.
Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansambılının bütövlüyü idi. Heç bir məsələdə kompromislərə getməzdi.
Dosluqda çox möhkəm, vəfalı və sədaqətli insan idi.
   Ayrıca kino adası olan Rasim OcaqovRasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan Milli Kinosu idi onun varlığı, həyatı, amalı.
Kamera, çəkiliş meydançası və öz dünyası - bunlar idi onun dövləti, varı. O da bu varlığı, çəkdiyi filmləri öz xalqına miras qoyub gedib. Xalqımız da həmişə yaşadır onun adını. Elə çəkdiyi kinofilmlər də Rasim Ocaqovu əbədi yaşadacaq!
Hansısa tədbirdə çıxış edəndə etiraf elədim ki, “ Mən səhnədə və çəkiliş meydançasında çox xoşbəxt və azad idim”. Kamera qarşısında isə çətin məqamlarda azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Binlar üçün mən Rasimə minnətdaram! Minnətdaram onun mənə olan böyük hörmətinə görə, diqqətinə görə, sevimli aktrisası olmağıma görə və çox uzun illər davam edən dostluğumuza görə.
Ömrünün son aylarında bir yerdə idik həmişə. Demək olar hər gün İttifaqımızda görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı. Nəhayət bir gün çox ehtiyatla soruşdum: “Rasim, nədir səni incidən, səni belə narahat edən?” Üzümə baxdı və susdu. Sonra çox inandırıcı və məyus şəkildə cavab verdi:
-Şəfiqə xanım. Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm.
Elə də oldu... Rasim yaşamadı... Sənət dünyasına, dostlarına, həmkarlarına “əlvida” dedi.
Azərbaycan Milli Kinomuza elə bir böyük itki üz vermişdir ki, bu günə kimi biz onun ağrısını çəkməkdəyik. Azərbaycan kinosu “həyatın dibinə” yuvarlanıb…İndi “həyatın dibindən” çıxarmağa yollar axtarırıq…
Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov və özü ilə kinomuzun təkrarsız epoxasını da apardı. Artıq bu gün Rasim
Ocaqov Milli Kinomuzun bir simvolikasıdır!
Çox əfsus ki, Azərbaycan Milli Kinosun 125 illiyini onsuz keçirtdik. Amma mən inanıram ki, 2023-cü ilin avqust ayının 2-də Azərbaycan Milli Kinomuzun 125 illiyini Nizami Kino Mərkəzində ketirdiyimiz vaxtı bütün kino karifeylərimizin ruhu kimi Rasim Ocaqovun da ruhu orada idi və bizi maraqla seyr edirdi. Bizə xeyir-dua verirdi…
Şəfiqə MƏMMƏDOVA,
Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri,
SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, professor.
P.S. Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov haqda bir xatirə kitabı yazacam...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ