
Günün naz-neməti, bəhəri dilxor,
Sevinci pərişan, kədəri dilxor,
Sübhü çaşbaş qalıb, səhəri dilxor,
Yorğun sabahların yuxusu gəlir.
Səssizlik hay çəkir, haray görünür,
Son ümid qətlinə qərar görünür,
Nə ulduz sayrışır, nə ay görünür,
Üstümə gecənin ağrısı gəlir.
Könlüm, bulaşımmı günah- suçamı,
Arzuda buna tab, buna güc hanı?
Ümidim, dur bağla qapı-bacanı,
Havadan ayrılıq qoxusu gəlir.