SON DƏQİQƏ

QƏLƏBƏMIZƏ LAYIQ ROMAN

Tarix:

31-01-2024, 23:16

/ 2 945 dəfə oxundu.
QƏLƏBƏMIZƏ LAYIQ ROMAN

(Sadıq Qarayevin "N" saylı qəhrəmanlıq" tarixi romanı (Bakı, "Tiçprint", 2023) haqda müxtəsər mülahizələrim)
Qanlı-qadalı, ölümlü-itimli, qırğınlı, məşəqqətli ötən əsrin sonu millətimizi və Vətənimizi daha amansız bir sınağa çəkdi. Daxili çəkişmə-didişmələrdən basaratlar bağlandı, bizə diş qıcayan, "Böyük Hayastan" və "miatsum" adlı əbədi, sağalmaz ruhi xəstəliyə tutulmuş quduzların aramsız ulartısı qulaqları açmadı, şəxsiyyətsiz "başbilənlərimiz"in havalı başları ayazımadı, düşünüb-daşınmağa, sarsılmaz birliyin düzgün yolunu tapmağa çalışan tapılmadı. Başıboşluğun, gəvəzəliyin nəticəsində müqəddəs torpaqlarımızın beşdə biri, az qala, bir qərinə arxalı murdar köpəklərin tapdağı altında inlədi. Millət təkləndi, sahibsiz qaldı. Vəhşilər kəndlərimizi, şəhərlərimizi, tarixi abidələrimizi, məscidlərimizi, məktəblərimizi, ev-eşiklərimizi, dağımızı-daşımızı, bağımızı-bağçamızı, müqəddəs torpaqlarımızı xarabazarlığa çevirdilər, dağıdıb viran qoydular, minlərlə günahsız qurbanlar verdik, doğma vətənimizdəcə millətimizin qəlbinə qaçqınlıq-didərginlik dağı çəkildi. Saysız-hesabsız insan taleyinə silinməz qara ləkələr yaxıldı. "Bir yandan bağlayan, bir yandan da açar" deyib, müdrik ərənlərimiz! Ulu öndərin hakimiyyətə tarixi qayıdışı yavaş-yavaş millətin qırışığını açmağa, qamətini düzəltməyə başladı. Vətənimiz daha kiçik hissələrə bölünməkdən, dövlətimiz dağılmaqdan xilas oldu...
Son illər ədəbi mühitdə imzasına tez-tez rast gəldiyim nasirlər içərisində biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev əksər əsərlərində - esse, hekayə, publisistik yazıları və romanlarında ("Sahilsiz təzadlar", "Sahibsiz kölgələr") canlı təbiətlə cəmiyyət hadisələri arasındakı üzvi vəhdətə təkrar-təkrar xüsusi diqqət ayırması ilə seçilir, maraq doğurur, düşündürür, yadda qalır. Böyük Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edən, yeni nəşr olunmuş "N" saylı qəhrəmanlıq" romanında da müəllif bu xətti daha qabarıq şəkildə təqdim etməklə əsərdə baş verən bir çox hadisələrin məntiqi axarının intellektual şərhinə nail olur.
Ən yeni dövrdə dünya ədəbiyyatında elmiliklə bədiiliyin, zehniyyətlə obrazlılığın qoşa qanad timsalında bədii ədəbiyyatda özünə yer alması "akademizm" adlanan tamam təzə bir ədəbi cərəyanın yarandığından, getdikcə şaxələnib intişar etdiyindən xəbər verir. Bu cərəyan müstəqillik dövründə bizim ədəbiyyatımıza da yol tapmış və uğurla inkişaf etməkdədir. Müasir humanitar məfkurəmizin görkəmli flaqmanı, akademik İsa Həbibbəyli son zamanlar bir sıra araşdırmalarında bu cərəyanın doğma ədəbiyyatımızda geniş təşəkkülünə və vüsətli inkişafına xüsusi diqqət yetirir. O, bu romana yazdığı "Azərbaycançılıq məfkurəsinin zəfər romanı" adlı yığcam Ön sözündə tam haqlı olaraq Sadıq Qarayevi "ədəbiyyatımızın fərqli bir istiqaməti kimi inkişafda olan akademizm ədəbi cərəyanını yüksək səviyyədə, layiqincə təmsil edən tanınmış yazıçı" kimi qiymətləndirir.
Ədəbi dilin qrammatik, semantik qaydalarına tam əməl olunmaqla yazılmış "N" saylı qəhrəmanlıq" romanının dialekt leksemləri və hərbi terminlərlə qədərindən artıq yüklənməmiş səlis, rəvan, anlaşıqlı dili, sözün müstəqim mənasında, kitabın birnəfəsə oxunmasını təmin edir. Əsas və yardımçı süjetlərin üzvi bağlılığı, hadisələrin inkişafına əngəl törədə biləcək lazımsız təfərrüatlardan, əllamə düşüncələr sicilləməsindən şüurlu yanqaçmalar, bəzən aparıcı süjetlərin inandırıcılıq dərəcəsini artırmaq naminə, detektivyönlü süjetlərin mətnə yerli-yerində daxil edilməsi, təhkiyədə obrazlılıq və bədiiliklə kəsərli müstəqim publisistikanın qoşa axarı, açıq mənbələrdən götürülmüş çoxsaylı materialların məxfi mənşəli məlumatlarla zənginləşdirilərək inandırıcı və sərrast təqdimi, elmi-fəlsəfi məntiqlə emosional təxəyyülün bir-birini tamamlayan paralel irəliləyişi romanın ekspressivliyini qat-qat artırır, mətnə macəravari rövnəq verir, nəql olunan əksər hadisələrin oxucu hissiyyatına təsir gücünü qüvvətləndirir, əsərin son dərəcə maraqla oxunmasına səbəb olur.
"N" saylı qəhrəmanlıq" romanı üç müfəssəl fəsildən ibarətdir: "Müharibə tumurcuqları", "N" saylı qəhrəmanlıq", "Mövcudluğun səpələnməsi". Sonda epiloq əvəzi verilən "Azərbaycançılıq məfkurəsi" başlıqlı altı "Ey azərbaycanlı!" ritorik müraciətlər, aktual publisistik kəsərə malik mətnlər romanın yüksək vətənpərvərlik qayəsinin apogey leytmotivi kimi səslənir, sanki böyük Zəfərdən sonra hər bir azərbaycanlının ömür yolunun gələcək istiqamətini müəyyənləşdirən əzəmətli əxlaq kodeksinə çevrilir, ümummilli yaşam və davranış tərzinin mənəvi dəyərlər sistemi təsiri bağışlayırlar.            
İlk fəsildə müharibənin başlanma səbəbləri, bədnam qonşularımızın I Qarabağ müharibəsi zamanı torpaqlarımızı işğal etmələri, doğma yurdumuzda törətdikləri ağılasığmaz vəhşilikləri, amansız soyqırımıları və nəhayət, 2016-cı ilin "Aprel döyüşləri", 2020-ci ilin "Tovuz döyüşləri"nin baş tutması, həmin döyüşlərdə əsgər və zabitlərimizin misilsiz şücaətləri, "Şəhidlik zirvəsi"nə ucalan döyüşçülərimizin ruhuna xalqımızın müqəddəs münasibəti geniş təfərrüatları ilə qələmə alınmışdır. Ali Baş Komandanımızın bədii obrazı xarakterik, dolğun detallarla verilmiş, onun müharibədən əvvəl və müharibə dövründəki düşüncələri, ideyaları və fəaliyyəti yetərincə işıqlandırılmışdır.
Romanın II fəslində müharibəyə hazırlığın son dövrü, döyüşün başlanması planları, 30 il ərzində qurulmuş "keçilməz Ohanyan xətti"nin 2-ci Ordu korpusunun rəşadətli döyüşçüləri tərəfindən qısa müddətdə darmadağın edilməsi, sürətlə torpaqlarımızın işğaldan azad olunmasından qürurla söz açılır. Burada onlarla şəhid və qazinin döyüş yolu, əsgər və zabitlərimizin göstərdikləri saysız qəhrəmanlıqlar real faktlar əsasında təsvir edilmişdir.
Əsərin son fəslində Şuşanın azad olunması, möhtəşəm tarixi Zəfər sayəsində 30 il davam edən işğalın sona çatması, Cıdır düzündə "Sərxoş qarğa rəqsləri"nin "Xarıbülbül" festifalıyla əvəz olunması fonunda, sanki real mövcudluğun səpələnməsi təsvir olunur. Qəhrəman şəhidlərimizin mövcudluğu isə Azərbaycanımızın üçrəngli bayrağına, dövlətimizin gücünə, xalqımızın milli-mənəvi dayaq nöqtələrinə səpələnir. Azərbaycanın 44 gündə bütün dünyaya nümayiş etdirdiyi rəşadət örnəyi, qəhrəmanlıq məktəbi erməni faşizmi və onların havadarları üzərində tarixi, həlledici qələbə çaldı. Hayların yenilməzliyi, erməniçiliyi əsas tutan dünya ermənilərinin monolit birliyi barədə yayılmış mifik sərsəmləmələr puça çıxdı, keçmişin qaranlıqlarına gömüldü, əksəriyyəti "divan qəhrəmanları" (ifadə erməni əsilli Rusiya kinorejissoru Karen Şahnəzərova məxsusdur) olan diaspor qaraqışqırıqçılarının gölməçəsinə qara bir daş atıldı və onlar əbədi mumladılar...
Bütövlükdə, "N" saylı qəhrəmanlıq" romanında müəllifin oxuculara çatdırmaq istədiyi məzmun məhz müxtəsər şəkildə söylədiyimiz bu mətləblərdən mayalanmışdır. Əsər elmi-fəlsəfi, bədii-publisistik, yarısənədli-yarıtəxəyyüllü, mürəkkəb quruluşlu, realist təhkiyə üslublu tarixi romandır. Müəllifin məqsədi I, və II Qarabağ müharibəsini tam əhatə edən epopeya tipli bir nəsr nümunəsi yaratmaq olmamışdır. Sadəcə, istedadlı yazıçımız Sadıq Qarayevin yeganə istəyi 44 günlük ölüm-dirim savaşında ön və arxa cəbhənin real durumunu, xalqımızın yekdil rəyini, döyüş ruhunu, dünyanın bu hadisəyə operativ reaksiyasını, yəni beynəlxalq aləmin siyasi vəziyyətini, Xalq-Ordu, Xalq-Dövlət, Xalq-Ali Baş Komandan birliklərinin cəmləşib, Böyük Zəfərin rəhni olan Dəmir Yumruq vəhdətini yaratdıqlarını, Qələbənin N sayda qəhrəmanları və qəhrəmanlıqlarını isti-isti qələmə alaraq, unudulmaqdan qorumaq, gələcək nəsillərə bu nadir tarixi olayları əhatəli şəkildə, yerli-yataqlı çatdırmaq amacı olmuşdur.
Millətin tarixində önəmli rol oynayan, dərin izlər buraxan qlobal hadisələr, zəfərlə başa çatan müharibələr haqqında, adətən bədii ədəbiyyatın nəsr və dramaturgiya janrları daha ləng tərpənirlər. Görünür, burada sağlam məntiqə söykənən bir qanunauyğunluq mövcuddur. Baş verənləri eyforiya keçəndən sonra, soyuqqanlılıqla saf-çürük eləmək, savaşın nəticələrini düzgün dəyərləndirmək, millətin gələcəyini müəyyənləşdirə biləcək taleyüklü ideyalara əsaslanıb, oxuculara sanballı bir əsər vermək üçün, yəqin nasir və dramaturqlara bəlli bir zaman məsafəsi gərəkdir. Dahi rus yazıçısı L.N.Tolstoy "Hərb və sülh" roman-epopeyasını rus xalqının Napoleona qarşı apardığı müharibənin (1805-1812) qələbəsindən əlli ildən artıq vaxt keçəndən sonra (1863) yazmağa başlayıb və düz on ilə tamamlayıb həmin əsəri. Bu qəbil örnəklər, həm dünya ədəbiyyatında, həm də doğma ədəbiyyatımızda az deyildir. Süleyman Rəhimovun "Şamo" roman-epopeyasını və Əli Vəliyevin "Budağın xatirələri" roman-memuarını xatırlatmaq kifayətdir.
Belə məqamlarda poeziya hər zaman ən çevik janr olub və o bu keyfiyyətini 44 günlük Vətən müharibəsi zamanı bir daha əyani şəkildə meydana qoydu. Azərbaycan tarixini şərəfləndirən, Zəfər sonluqlu müqəddəs savaşın elə ilk günlərindən, ta indiyə qədər bu mövzuya aid saysız-hesabsız miqdarda yüksək bədii siqlətli şeirlər, mahnı mətnləri, onlarca müxtəlif həcmli, bir-birindən maraqlı poemalar yazılmışdır. Publisistikamız da poeziyamızdan heç də geridə qalmayıb, ötən müddət ərzində istedadlı jurnalist və yazıçılarımız bu çevik janrın imkanlarından maksimum bəhrələnərək, yüksək səviyyəli, çoxsaylı publisistik yazılarla ədəbiyyatımızı zənginləşdirmişlər. Artıq nəsrimiz də öz bəhrələrini verməyə başlayıb, son vaxtlar Vətən müharibəsi və böyük Zəfərimizdən bəhs edən hekayələrin, povestlərin tez-tez qəzetlərdə, jurnallarda dərc edilməsi, hətta ayrıca kitab halında nəşr olunması sevindirici haldır.
Sadıq Qarayevin "N" saylı qəhrəmanlıq" romanı da ilk yaranan irihəcmli nəsr nümunələri sırasındadır. Romanda müəllif təxəyyülünün məhsulu olan surətlər çox azdır, əsas obrazların əksəri II Qarabağ döyüşlərinin iştirakçıları olan real əsgər və zabitlərimizdir. Əsərin baş qəhrəmanı isə Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevdir. İstedadlı nasirin təqdimində Ali Baş Komandanımızın bədii surəti olduqca dolğun alınmışdır: bütün əsər boyu onun həyat həqiqətlərinə tam uyğun, real gerçəkləri bütünlüklə əhatə edən insani xarakteri ustalıqla təsvir edilmiş, hər şeydən öncə, Vətən müharibəsini Zəfərlə sona çatdıran müqəddəs şəxsiyyətin fövqəladə diplomatik səriştəli nadir dövlət başçısı, fitri istedada malik müzəffər sərkərdə olduğu təkrar-təkrar xüsusi vurğulanmış, Dəmir Yumruq sahibinin Azərbaycan tarixində əbədi qalacaq monumental obrazı yaradılmışdır. Qalib sərkərdəmizin yeri gəldikcə, qətiyyət və daxili inamla söylədiyi "Nəyi, necə və nə vaxt etmək lazımdır, mən bilirəm!" müdrik kəlamı bütövlükdə romanın süjet xətlərinin inkişafı yolunda vəsilə qaynağıdır.
İnanıram ki, Sadıq Qarayevin "N" saylı qəhrəmanlıq" romanı tezliklə oxucuların dərin maraqla, sevə-sevə oxuyacaqları bir kitab olacaq. Bu əsər istedadlı alim-yazıçının, səriştəli nasirin misilsiz Qələbəmizə layiqli töhfəsidir.
Abuzər Bağırov
Yazıçı, filologiya elmləri doktoru, 

RF XİN- nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, 
Rusiya Elmlər Akademiyası A.M.Qorki adına Dünya Ədəbiyyatı  İnstitutunun aparıcı elmi işçisi, 
AYB Moskva bölməsinin sədri.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ