SON DƏQİQƏ

Ruhların GÖRÜŞÜ

Tarix:

27-10-2023, 22:00

/ 2 272 dəfə oxundu.
Ruhların  GÖRÜŞÜ

Həsənəli Eyvazlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent, 
Naxçıvan Müəllimlər İnstitutunun kafedra 
müdiri, Şair-dramaturq
(Tələbə teatr studiyaları üçün nəzərdə tutulmuşdur)
Bir pərdəli, dörd şəkilli səhnəcik
İştirak edirlər:
Mikayıl Müşfiq       - Şair
Dilbər Axundzadə  - Müşfiqin həyat yoldaşı
Yemelyanov            - DTK zabiti
Qriqoryan               - DTK zabiti
BİRİNCİ  PƏRDƏ
BİRİNCİ   ŞƏKİL
Mikayıl Müşfiqin evi. Dilbər xanım yemək və çay təda­rükü görür (indi gələcək – deyə). Öz-özünə danışa-da­nı­­şa ma­sa­nın üstünü qaydaya salır. Bu zaman qapı dö­yü­lür. Dilbər xanım (şən halda) qapıya gedərəkaçır. Müşfiq içə­ri keçir.
Dilbər xanım – (gülə gülə) Şair xoş gəlib. Nə əcəb bu gün belə tez gəlmisən?
Müşfiq əsəbi halda keçərək masanın arxasında əyləşir və başını əlləri arasına alaraq fikrə dalır, Dilbər xanım təəccüblü baxışlarla onun arxasınca masaya yaxınlaşır, çay süzərək Müşfiqin qarşısına qoyub yanında əyləşir.
Dilbər xanım – (Əli ilə Müşfiqin qolundan tutaraq) Şair, nə olub belə? Gəmilərin dəryada tufanamı düşüb?
Müşfiq – (başını qaldıraraq Dilbərin üzünə diqqətlə baxır, əsəbi halda) Neçə ildir mənə dost deyənlər bu gün üzümə durub tənqid adı ilə təhqir etdilər. Pantürkist, panislamist deyə­rək üzümə durdular.
Dilbər xanım – Bəs sənə xalqın şairi deyirdilər?  Nə oldu? 
Müşfiq – Bu ədalətsizlik  təkcə mənə qarşı olsaydı nə vardı ki. Hüseyn Cavidi, Əhməd Cavadı, Çəmənzəminlini, hətta neçə­lərin  təhqir etdilər.
Dilbər xanım – Axı nə səbəb qoydular?
Müşfiq – Nəyə görə biz pambıqdan yazmırıq, neftdən yaz­mırıq, Şura hökumətini alqışlayan əsərlər yazmırıq.
Dilbər xanım – İndi nə düşünürsən?
Müşfiq (diqqətlə Dilbəri süzərək) Dilbərim, qorxuram səni məndən ayıralar
Dilbər xanım (təlaş içində) Sən nə danışırsan Müşfiq, mən sənsiz yaşaya bilmərəm. Ölərəm.
Qapı döyülür, Dilbər xanım qapıya gedir, açarkən qarşısında qara hərbi paltarda olan üç nəfəri görür. Qorxmuş halda geri qaçaraq Müşfiqə sığınır.
Müşfiq (Dilbərin əlindən tutaraq sinəsinə sıxır) QorxmaDibərim, mən   yanındayam.
DTK zabiti – (DTK zabiti əlində tutduğu həbs orderini Müşfiqə göstərərək)  Bizimlə getməlisən.
Dilbər xanım (Çılğın halda üzünü gələnlərə tutaraq) Bilirsi­nizmi, bu adam şairdi, xalqın şairidi. Onu hamı sevir. Günahı nədir ki onun?Yol kəsib, adam öldürüb? Qoymaram apara­sınız.  Onun heç bir günahı  yoxdur.
DTK zabiti yanındakılara Müşfiqi aparmağı əmr edir. Dilbər xanım qabağa keçərkən əli silahlı onu tüfəngin qundağı ilə vurub yıxır. Dilbər əllərini aparılan Müşfiqin arxasınca uza­daraq -“getmə..., məni tək qoyub getmə” deyə haray salsa da kimsə onun səsinə səs vermir.
Şəkil dəyişir.
İKİNCİŞƏKİL
           25 oktyabr 1937-ci il. DTK-nın zirzəmisi. DTK zabit­ləri Yemelyanovla Qriqoryan əyləşib. İki nəfər hərbi paltarlı DTK işçisiMüşfiqin qollarından tutaraq gətirirlər. Qarşıdakı taxta stulda otururlar. Yemelyanov qarşısındakı kağızı Müş­fiqə gös­tə­rərək
Yemelyanov – De görüm bu siyahıdakı adamları tanıyırsanmı?
Müşfiq (üzü-gözü şişmiş Müşfiq siyahıya gözucu baxaraq başını bulayaraq) Yox, tanımıram
Qriqoryan (yerindən qalxaraq dəlicəsinə qışqırır) Necə yəni tanımıram?  Hər gün görüşdüyün insanları tanımırsan?
Müşfiq – Tanımıram (deyərək başını yana çevirir).
Qriqoryan – Boynuna almasan buradan sağ çıxmayacaqsan.
Yemelyanov (rişxəndlə) Evinizdən xəbərin varmı?
Müşfiq (sual dolu nəzərlə Yemelyanova baxaraq dörd divarı göstərir) Mən hardan bilim?
Yemelyanov (ciddi halda) Böyük bacın Böyükxanım  sənin yalan ifadə verməyinə dözməyərək  intihar etdi.
Müşfiq (gözləri böyümüş halda)  Ola bilməz, bacım intihar etməz... (hönkürərək ağlayır). Bacım bilir ki, mən yalan ifadə vermərəm.
Yemelyanov– Çox təəssüf ki,  həqiqətdir.
Qriqoryan (Müşfiqin qarşısında duraraq üzünə baxır) Müəl­limə işləyən kiçik bacın  Balacaхanım Qədir qızının taleyi səni narahat etmirmi?
Müşfiq  (Qriqoryanın üzünə heyrətedici tərzdə baxaraq -ucadan)  Onunla işiniz olmasın, o, çox cavandır, müəllimədir, gənc ailəsi var. Xahiş edirəm onun ailəsini dağıtmayın.
Qriqoryan – Yaxşı,  bacın Balacaxanımın həyat yoldaşı Şükür Şükürlünü əksinqilabi millətçi təşkilata cəlb etməkdə məqsədin nə idi?
Müşfiq – Bu dediklərinizi qəti olaraq rədd edirəm.  O, heç kimsə ilə  əksinqilabi söhbətlər aparmayıb. Mən də heç vaxt onunla dediyiniz mövzuda söhbətlər aparmamışam.
Qriqoryan – Hələ sentyabrda Ələkbərli verdiyi izahatda Şükür Şükürlünü əksinqilabi yığıncaqda gördüyünü və tanıdığını bildirmişdi.
Müşfiq – Mən bu ittihamları qəbul etmirəm. Nə mən, nə də Şükür heç zaman o cür yerlərdə olmamışıq.
Qriqoryan – Xəbərin varmı? Bacın Balacaxanım Voroşilov rayonunun katibi Okinşeviçin kabinetində xuliqanlıq edərək mürəkkəbqabını onun üzərinə atmış, dövlət əmlakına ziyan vurmuşdur. Onu həbs edib Bayıl təcridxanasına gətirmişlər. 
Müşfiq – Ola bilməz, mənim bacımın Okinşeviçlə nə işi var? O, ki müəllimədir.
Qriqoryan – Hətta dindirmə zamanı “Trotskiçi” olduğunu da boynuna almışdır.
Müşfiq (Həyəcanlı halda) Yox...,yox..., ola bilməz. Bacımın heç bir günahı yoxdur. Onu məhv etməyin.
Qriqoryan – Lap yaxşı, Sən düzgün ifadə versən heç kimə to­xun­marıq. De görüm, Hüseyn Cavidlə Əhməd Cavad nə zaman­dan  gizli təşkilata çalışırlar?
Müşfiq – Bənim bu haqda heç bir məlumatım yoxdur.
Qriqoryan əlindəki bir kağızı onun qarşısına qoyaraq soruşur
Qriqoryan – Yaxşı, onda bu siyahıya yaxşı-yaxşı bax. Bunlar­dan hansını tanıyırsan?
Üz-gözü şişmiş Müşfiq başı ilə yox – deyir. Qriqoryan başı ilə işarə edir. Müşfiqin arxasında duran hərbi formalı işçi  onu döyməyə başlayır.
Qriqoryan  – Boynuna al ki tanıyırsan – deyərək çılğıncasına qışqırır.
Yemelyanov– (Qriqoryana üzünü tutaraq) Bəsdir, bunun nazı ilə oynadın, rədd elə getsin.
Qriqoryan  (nifrətli baxışlarla Müşfiqin üzünə baxır,başını qaldıraraq hərbi formalı işçiyə) Aparın, rədd eləyin!
Səhnə qaranlıqlaşır. Bir azdan dalbadal silah səsləri eşidilir...
Şəkil dəyişir
ÜÇÜNCÜ   ŞƏKİL
Xızı yaxınlığında Mikayıl Müşfiqin təpələrin qoynuna sığınmış qərib evi (məqbərəsi). Müşfiq ağ paltarda, üzündə xoş təbəssüm  məqbərənin ətrafında əkilmiş güllərə baxır. Yaxın­­laşıb rəngbərəng gülləri tumarlayır. Dilbər xanım ağ paltarda həyəcanlı halda məqbərəyə girir. Ətrafa baxır. Heç kimi gör­mür.
Dilbər xanım –  (özü-özünə) Deyirdilər Müşfiq gəlib? Gəlibsə hanı bəs? (ətrafa baxır, gözü Müşfiqlə onun divardan asılmış qoşa şəklinə sataşır. Yaxınlaşıb həsrətlə baxır. Əlindəki  dəs­mal­laşəklin tozunu alır və sığallayır).
                 Gözlədim yolunu, hava qaraldı,
                           Bu qaranlıq hava ruhumu sardı.
                           Səndən qəmgin könül sevinc umardı,
                           Sən ey sədaqətim, neçin gəlmədin?
Müşfiq  –(əlində gül dəstəsi  qapıda görünür, Dilbər xanımın ürək yanğısı ilə dediyi şeiri dinləyir, qeyri-ixtiyari qapı arxa­sına çəkilərək uzun illər ruhunda gəzdirdiyi misraları asta səslə pıçıldayır): 
                           Qara qış üstümə tökər qarını,
                           Nərgiz gözlərindən məni ayırma.
                           Mənim ümidimin qapılarını,
                           Neçin gah açırsan, gahqapayırsan.
Dilbər xanım – (Səs eşidərək ətrafa baxır, heç kim yoxdur. Şəkli sığallayaraq yanıqlı səslə)
Dilbərəm, ilk eşqim günəşdir, sönməz,
Ömrümün baharı geriyə dönməz.
Min yol yalvarıram, şəklin də dinməz,
Özünə, şəklinə qurban olduğum.
Müşfiq – (Gizlincə Dilbər xanımı həsrətli baxışlarla süzərək)
                           Müşfiqin ürəyi yarpaqdan incə,
                           Titrəyir bir xəfif rüzgar əsincə.
                           Məşuqun ayağı haraya dəysə,
                           Orası aşiqə vətən kimidir.
Dilbər xanım – (yenə səs eşidir, ətrafa boylanır, yanıqlı səslə)
                           Könlüm quşun itirmişəm, araram,
                           Görən budaqların harasındadır.
                           Gəlir qulağıma səsi, sədası,
                           Gözüm şairlərin arasındadır.
Yaşarmış gözlərini dolandırıb ətrafa baxır. Müşfiqin  rəflərə düzülmüş kitablarına yaxınlaşır. Əli ilə onları sığalla­yır. Birini götürüb açır, barmağını şeir misralarının üzərində gəzdirir.
Dilbər xanım – (özü-özünə) Xoşbəxt günlərimizin şahidi misra­lar. Uzun illər sizdən aldım Müşfiqimin həsrətini. Bir zaman “Koroğlu” dastanında Nigar xanımın övlad həsrəti ilə dediyi bir şeir oxumuşdum:
Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə,
Şirin layla çalan yoxdu.
Qəribədir... Niyə insan öz xoşbəxt həyatını axıradək yaşaya bilmir? Niyə tale üzümə gülmədi? Niyə  xoşbəxt ola bilmədim? (əllərini göyə açaraq) Tanrım, kimə neyləmişdim? (hönkürərək ağlayır) Mən necə unudum onu? Səsi-sədası, sözü-söhbəti hələ də gözüm önündədir:
Yadımdan çıxmayır nitqi-nidası,
Müşfiq davranışı, Müşfiq ədası.
Ürəyində coşan şeir dalğası,
Həyatın tufanlıdəryasındadır
Müşfiq  –  (daha dözə bilməyərək qapı arxasından çıxır) 
               
O gün ki hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.  
Dilbər xanım – (Səsə geri dönür, Müşfiqi görərək bir anlığa donub qalır. Sevinc dolu təəccüblü baxışlarla özünü onun üstünə atır. Ağlaya-ağlaya) Ay vəfasız, axir ki, səsimi eşidib gəldin. Evini, ocağını niyə yaddan çıxarmısan? Bax, həryanı toz basıb. Adam da evindən didərgin düşərmi? (divardan asılan qoşa şəkili göstərərək) Şəklimizi də toz basmışdı, təmiz­lədim. (Müşfiqin üzünə baxaraq) Ay vəfasız, ömrümü sənin yolunda puç elədim. Heç bir anlığa da olsa məni yadına saldınmı? (deyərək başını onun sinəsinə qoyur).
Müşfiq – Uzun illər səsinə də, sözünə də həsrət qaldığım Dil­bə­rim mənim. Səndən ayrılmaq mənim üçün də asan ol­mayıb. Hər gün səni anmışam, ruhum səmaları dolaşıb, “sən­sizlik” mah­nıları oxuyub. (Dilbər xanımın başını sinəsin­dən qal­dıraraq gülümsər çöhrəsinə baxır) 
O qara gözlərin deyil parlayan,
Ulduzlar içində gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı yaz səhərimdir.
Dilbər xanım – (Ətraf təpələrə göz gəzdirərək) çoxdanmı gəl­misən?
Müşfiq (nəşəli  halda) Mən ki həmişə buradayam, Dilbərim.  Heç vaxt buradan ayrılmamışam ki.
Dilbər xanım – Burada olduğunu niyə mənə bildirmirdin? Niyə məni tapıb yanına gətirmirdin? (Müşfiqin üzünə baxaraq) Niyə məni yadına salmırdın? Yoxsa məndən küsmüsən?
Müşfiq – (Dilbər xanımın çiyinlərindən tutaraq həsrətli baxış­larla üzünə baxaraq)
Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən,
Ellərdən küsərəm, səndən küsmərəm! 
(Dilbər xanım nazlı baxışlarla Müşfiqi süzərək 
sinəsinə qısılır)
Müşfiq – Qorxdum ki, gəlib burada darıxarsan.
Dilbər xanım – (təəccüblü baxışla) Səninlə dünyanın  hara­sın­da olsam darıxmaram. Sən mənim qismətimə yazılmış ömür payımsan. İnsan da öz ömründən, günündən qaçarmı?
Müşfiq (Dilbər xanımın əlindən tutaraq gülümsünür) Yaxşı, yax­şı, çox da gileylənib qəlbimi üzmə. Gəl gedək əkib- becər­diyim gülləri göstərim.
Şəkil dəyişir
DÖRDÜNCÜ  ŞƏKİL
Müşfiqlə Dilbər xanım həyətdə əkilmiş güllərin arasındadır.
Dilbər xanım – (əli ilə gülləri sığallayır, gülə-gülə) Nə gözəl güllərdir. Bunları özünmü becərmisən?
Müşfiq – Bəli, özüm əkib-becərmişəm. Günlərimi bu güllərlə keçirirəm. (deyərək bir lalə qoparıb Dilbər xanıma uzadır)
Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şehə bənzəyir.
Dilbər xanım – (gülümsər baxışlarla Müşfiqə yaxınlaşır, əllə­rin­dən tutaraq) Səninlə birlikdə ölümə getmək də mənə xoş­dur.
Müşfiq (səksənmiş halda) Amandı, Dilbərim, ölüm adı çək­mə. Bir dəfə acısını dadmışıq, bəsimizdi.
Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək.
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək.
Dilbər xanım – Yadındamı, biz Gəncə yaylağında olarkən  Səməd Vurğunla qonaq gəlmişdin.
Müşfiq – Yadımdadır. Səməddən mən xahiş etdim ki, mənimlə gəlsin. Sən də bizim üçün moruq yığmışdın.
Dilbər xanım – (gülərək) Mən az yığmışdım. Qızlar yığdıqları moruqları da mənə verdilər ki, əziz qonağın gəlir, hədiyyə apar.
Müşfiq – (gülərək) Niyə sən məni qonaq çağırmışdın?
Dilbər xanım – Sən mənim ən şöhrətli, ləyaqətli qonağım idin. Özün də qəlbimin qonağı idin.
Müşfiq – Yadımdadır. Onda mən dedim ki, kaş işim olma­yaydı, səninlə qalaydım.
Dilbər xanım – Mən də sənə dedim ki, çox da qabağa qaçma. 
Yaxınlıqdakı kənd evlərinin birindən Müşfiqin radioda səslənən şeirinin sədası gəlir: Hər ikisi dayanaraq musiqi ilə həmahəng olan şeiri dinləyirlər
Ah, bu uzun sevda yolu,
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!
(Dilbər həyəcanlı halda) Ah..., nakam Müşfiq..., nakam Müşfiq...
Müşfiq həyəcanlı halda gözlərindən yaş axan Dilbərin əllərindən tutaraq:
Müşfiq   Yadındamı, bağa köçmüşdünüz. Sizə qonaq gəlmək üçün bəhanələr axtarırdım.                                   
Dilbər xanım – Bir gün bir dəstə çiçək və bir də kağıza yazılmış şeir gətirdin
Müşfiq –Yadımdadır. Heç o günlər yaddan çıxarmı? Kaş o günlərimiz geri dönəydi. Mən bir cavan, qara sevdalı aşiq, sən eşq şərbətindən məst olan bir məşuq olaydın. Gəzəydik.  Bu dünyanın dadını çıxaranacan. Eh..., keçdi o günlər.Gəl gedək (deyərək Dilbər xanımın əlindən tutaraq gedə-gedə şeiri söyləyir).
Yenə o bağ olaydı, 
Yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca
fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı,
səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni  nəğmə, 
hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax sevgilim,
tellərindən incəmi,
Söylə, ürəyincəmi?
        (gedirlər)
SON
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ