
Ukrayna prezidenti Volodimir Zelenskiyə Ukrayna dilinin latın əlifbasına keçməsi ilə bağlı ictimai müraciət prezidentin saytında qeydə alınıb.
Müraciət müəllifi vurğulayıb ki, kiril əlifbasından imtina Rusiya ilə dil əlaqələrini tamamilə kəsməyə imkan verəcək. Əgər petisiyada 25 min imza toplansa, dövlət başçısı cavab verməli olacaq. Hazırda petisiyanı 49 nəfər imzalayıb.
Latın əlifbasına keçmək ideyası əvvəllər də Ukraynada irəli sürülüb. Xüsusilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov müsahibəsində şəxsən kiril əlifbasından imtinanın tərəfdarı olduğunu bildirib. Bu bəyanat siyasətçilər və ictimai xadimlər arasında gərgin müzakirələrə səbəb olub.