
Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir. İran regional əməkdaşlığın və sülhün təmin edilməsinə hər zaman tərəfdar olub.
Bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzad deyib.
O qeyd edib ki, İran İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığı daha da artırmağa çağırır: "İran parlamenti bütün qanunvericilik imkanları ilə üzv dövlətlərlə əlaqələri gücləndirməyə tam hazırdır. İran İƏT-də əməkdaşlığın daha da gücləndirilməsinə qətiyyətlə çalışır. İran özünə qarşı zalım sanksiyalara baxmayaraq, həmişə bölgədə sülhün tərəfdarı olub”.
Ə.Nikzad əlavə edib ki, İran xarici siyasətdə qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır: "Onu da qeyd edim ki, pandemiyadan digər ölkələr kimi İran da ziyan çəkib. İqtisadiyyatın bərpası bütün ölkələrin gündəmindədir”.