
Tixuana Meksikanın şimal-qərbində yerləşən, ABŞ-la sərhəd olan şəhərdir.
Sözügedən şəhər daha çox cinayətkar qruplaşmaların olması ilə diqqət çəkir. Hətta burada baş verən bir çox hadisə Hollivud filmlərinin ssenarisinə çevrilib.
Şəhəri Amerika ilə 1044 km uzunluğunda sərhəd səddi ayırır. Bu səddin inşasına 2011-ci ildə başlanılıb. Bunu kasıbla varlını ayıran sədd də adlandırmaq olar. Çünki səddin o biri tərəfində ABŞ-ın ən inkişaf etmiş şəhərlərindən olan San Dieqo yerləşir.
Elə Tixuana sakinlərinə də ən çox qazanc gətirən buraya gələn amerikalı turistlərdir. Dünyanın ən işlək sərhəd qapısına sahib olan Tixuanaya il ərzində 50 milyondan çox turist gəlir.
Amerikalıların bu şəhərə olan sevgisinə gəlincə, bu, bölgənin çimərlikləri, ucuzluq və ABŞ-da qeyri-qanuni olan məhsulların burada rahatlıqla satılmasından qaynaqlanır.
Amma bu durum Tixuananı daha da təhlükəli hala gətirir.
İl ərzində bir çox festivallara ev sahibliyi edən Tixuana, dünyanın ən çox cinayət işlənildiyi şəhərlər sırasındadır. Hətta bəzi araşdırmalara görə Tixuana dünyanın ən təhlükəli şəhəridir.




























