İndoneziyanın Yava adasındakı Merapi vulkanında partlayış olub.
Bu barədə "Tempo” informasiya yayıb.
Məlumata görə, Cokyakarta şəhərində yerləşən vulkan yerli vaxtla səhər 05:16-da püskürüb və proses 150 saniyə davam edib.
Səlahiyyətli şəxslər partlayışda üzə çıxan kül və dumanın vulkanın kraterindən 2 min metr yüksəyə qalxdığını bildirib.
Vulkanologiya və Geoloji Fövqəladə Vəziyyətin Azaldılması Mərkəzi (PVMBG) ikinci təhlükə siqnalı (Waspada) səviyyəsindəki vulkanın 3 km əhatəsində olmaması üçün yerli xalqa və əhaliyə xəbərdarlıq edib.
Xatırladaq ki, 2 min 968 metr hündürlüyə malik Merapi vulkanı sonuncu dəfə 2010-cu ildə güclü şəkildə püskürmüş, nəticədə 347 nəfər dünyasını dəyişmişdi.
"Sakit okean Alov Çevrəsi”ndə yerləşən İndoneziyada 130-a yaxın aktiv vulkan var.