SON DƏQİQƏ
» » İran hökuməti ümidini itirəcək - Güneyli din xadimi

İran hökuməti ümidini itirəcək - Güneyli din xadimi

Tarix:

21-02-2019, 10:00

/ 10 216 dəfə oxundu.
İran hökuməti ümidini itirəcək - Güneyli din xadimi

Bu gün bütün dünyada Beynəlxalq Ana dili günüdür.

GunAz.az tanınmış milli-mədəni fəal və din xadimi Əbdüləziz Əzimi Qədiminin Güney Azərbaycanda ana dili problemi ilə bağlı müsahibəsini təqdim edir:

- Güneydə ana dilinin tədrisinin yasaqlanması hansı əsas problemlərin yaranmasına səbəb olur?

- Güneydə ana dilinin yasaqlanması uzun müddət türk ziyalılar ilə hökumət arasında konfliktə səbəb oldu. Hazırda bu problem hakimiyyət üçün böyük bir təhlükəyə çevrilib. Ona görə ki, indi təkcə ziyalılar yox, sadə insanlar da bu dildə tədrisi tələb edir.

- İnternet dövrüdür, saytlarda, Yutubda Azərbaycan dili ilə bağlı dərslər var. Güneyli soydaşlarımız o dərslərdən yararlanıb, ana dilini öyrənməyə cəhd edirlərmi?

- Təəssüf ki, çox az. Çünki məktəbdə ana dilindən təhsil almayan insanlar o dərsləri anlaya bilmirlər. Onlar Yutub və ya başqa portaldan müəllimsiz öyrənə bilməzlər. Amma onu da qeyd etməliyəm ki, internet bizim dilimizə çox töhfə verib. Xüsusilə, Teleqram qruplarında insanlar ana dilində yazmağa maraqlıdırlar. Onlar qısa-qısa da olsa yazaraq məşq edirlər. Türkcə yazıb oxuyanların sayı keçmişlə müqayisədə artıb. Bəlkə də Yutubda olan dərsləri anlamaq ana dilini bilməyən xalqa çətin gəlir, amma sosial şəbəkədə bu dildə rahat şəkildə söhbət edə bilirlər.

- Necə düşünürsünüz, İran rejimi ölkədə xeyli insanın Azərbaycan dilini öyrəndiyini görsə, geri addım atıb, bu dildə təhsilə icazə verərmi?

- Bəli, düşünürəm ki, sosial şəbəkələr məktəb və universitetin yerini doldursa, hökumət bir tərəfdən çox təzyiqə edəcək, digər tərəfdən türklərin farslaşdırılmasına olan ümidini itirəcək. Konstitusiyanın 15-ci maddəsini pozaraq bizi ana dilindən məhrum edən hakimiyyət, onda yəqin ki, geri addım atar.

- Quzey Azərbaycan saytları dillə bağlı məsələlərdə güneyli soydaşlarına necə dəstək ola bilər?

- Azərbaycan saytlarının Güney oyanışına böyük təsirləri olub. Amma hərfləri latın qrafikası ilə olduğu üçün bu təsir ziyalıları əhatə edib. Əgər İranda qrafika latın, yaxud əksinə, Azərbaycanda ərəbcə olsaydı, bu problem bəlkə də illər öncə çözülmüşdü. Kaş ki, Azərbaycan bizə görə də olsa, məktəblərdə ərəb qrafikasını tədris edəydi. Quzey azərbaycanlılar əlifba fərqinə görə bizə çox çətinliklə kömək edə bilirlər.

Təəssüf ki, əlifba fərqi bizi Quzey Azərbaycanın köməyindən məhrum edib.

скачать dle 12.1

Şərhlər