Dünən axşam saatlarında İranda qəzaya uğrayan Başaran Holdinqə məxsus təyyarənin qara qutusunun tapıldığı bildirilir.
Gunaz.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çaharmahal və Bəxtiyari vilayəti valisinin müavini Cəfər Meydani məlumat verib. Onun sözlərinə görə, qara qutu Helen dağında tapılıb.
Vilayətin Qızıl Aypara təşkilatının nümayəndəsi Rıza Zahiri İRNA agentliyinə bildirib ki, alpinistlərdən ibarət axtarış-xilasetmə dəstəsi gecə saat 03.00 radələrində hadisə yerinə yetişib. Qəzada həlak olan 8 nəfərin cəsədi tanınıb. İki cəsəd yanıq və parçalanma səbəbindən tanınmaz hala düşüb, birinin isə axtarışları davam edir.
Xatırladaq ki, on bir nəfərin həyatına son qoyan qəzada Başaran Holdinqin rəhbəri Hüseyin Başaranın qızı Minə Başaran və onun yeddi rəfiqəsi həlak olub. Təyyarə Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərindən İstanbula uçurdu.