
Vaşinqton iddia edir ki, İran İsrailə hücum edərsə, bunun nəticələri Tehran üçün fəlakətli olacaq.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə jurnalistlər üçün keçirilən xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi çıxış edib.
“İsrailə qarşı kütləvi raket hücumu ilə bağlı təhdidlərə gəlincə, İran bu cür hərəkətlərin qismən qanuni olduğunu sübut etməyə çalışıb. Baş verən heç bir hadisə genişmiqyaslı silahlı hücuma haqq qazandırmır”, - nümayəndə bildirib.
O, ABŞ-nin İsraili müdafiə etməyə hazır olduğunu deyib:
“Bu baş verərsə, biz buna qarşı çıxmağa və İsraili müdafiə etməyə hazırıq. Ancaq biz iranlıları da bu yola getməməyə çağırırıq, çünki bunun nəticələri xüsusilə İran üçün olduqca fəlakətli olacaq. Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq”.
Vaşinqton administrasiyasının rəsmisi İranın İsrailə hücumu halında ABŞ-nin özünün İranı vurmağa hazır olub-olmaması sualına cavab verməyib.
“İcazə verin deyim ki, biz regiona vəziyyətin hər hansı mümkün inkişafı üçün tələb olunan əhəmiyyətli hərbi aktivlər yerləşdirmişik. Biz öz fəaliyyətlərimizi tərəfdaşlar və müttəfiqlərlə əlaqələndiririk. Başqa heç nə barədə əvvəlcədən nə isə deyə bilmərəm”, - deyə o, əlavə edib.